DÜNYA
Yaponiyada zəlzələ ilə əlaqədar axtarış-xilasetmə dəstələrinin sayı artırılacaq
Tokio, 6 sentyabr, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe bəyan edib ki, Hokkaydo adasında baş vermiş zəlzələ ilə əlaqədar özünümüdafiə qüvvələrinin axtarış-xilasetmə işlərinə cəlb olunan dəstələrinin sayı artırılacaq.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Baş nazir bu dəstələrə cəlb edilən iştirakçıların sayının 25 minədək çatdırılacağını bildirib. Hazırda axtarış-xilasetmə işlərinə 4 min nəfər cəlb olunub.
Ş.Abe bu barədə qərarın sentyabrın 6-da Nazirlər Kabinetinin Baş nazirin iqamətgahında keçirilən görüşü zamanı qəbul edildiyini bildirib. Baş nazir deyib ki, hökumət özünümüdafiə qüvvələrini, polisi, yanğınsöndürmə dəstələrini və sahil mühafizəsini cəlb edərək, xəsarət alanların axtarışı və xilası üçün mümkün hər cür tədbiri görəcək.
Xatırladaq ki, sentyabrın 6-da səhər saatlarında Yaponiyanın şimalındakı Hokkaydo adasında baş verən 6,7 bal gücündə zəlzələ geniş ərazidə dağıntılara səbəb olub. Hokkaydo prefekturasının bütün ərazisinə elektrik enerjisinin verilişi kəsilib.
Zəlzələdən sonra bir neçə güclü afterşok qeydə alınıb. Axtarış-xilasetmə dəstələri işləri davam etdirirlər.
Təbii fəlakət nəticəsində 8 nəfər həlak olub. Ümumilikdə 120 nəfərin xəsarət aldığı, 40 nəfərin isə itkin düşdüyü bildirilir.
Zəlzələnin episentrinin yerləşdiyi Atsuma şəhərində torpaq sürüşməsi çoxlu sayda evin dağılmasına səbəb olub. Helikopter vasitəsilə 10 nəfər xilas edilib. Xilasedicilər sakinlərin çoxunun evlərində qalmasından ehtiyat edirlər. Hazırda dağıntının miqyası dəqiqləşdirilir. Avtomobil yollarının dağılaraq sıradan çıxdığı bildirilir.
Şəhərlərin çoxunda təxliyə mərkəzlərinin yaradılması davam etdirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio