SİYASƏT


Yaponiyadakı diaspor təşkilatımız Xocavənddə aşkarlanan kütləvi məzarlıqla bağlı bəyanat yayıb

Tokio, 6 oktyabr, AZƏRTAC

Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzi bu ölkənin parlamentinə, siyasi partiyalarına, qeyri-hökumət təşkilatlarına, beyin mərkəzlərinə, KİV-ə, eləcə də burada fəaliyyət göstərən digər təşkilat və qurumlara Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqla bağlı bəyanat ünvanlayıb.

Bu barədə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə mərkəzin sədri Xəlil Kələntər məlumat verib.

Bəyanatın mətnində deyilir: “Biz, Yaponiyada yaşayan azərbaycanlılar Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi məzarlığın aşkar edilməsi xəbərini dərin hüznlə qarşılayır və bu reallığı Ermənistanın növbəti hərbi cinayətinin ifşası kimi dəyərləndiririk.

Xatırladırıq ki, rəşadətli Azərbaycan Ordusunun 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad etdiyi Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlıq sayca birinci deyil. Həmin məzarlıqda məftil və kəndirlərdən istifadə edilməklə əl-ayağı bağlanaraq kütləvi şəkildə dəfn edilmiş 12 insan qalığı tapılıb. Ümumilikdə həmin kənddə kütləvi məzarlıqlardan qalıqları aşkarlanmış insanların sayı 25-ə çatıb. Geyim və əşyalarından həmin şəxslərin hərbçi olduqları reallığı azərbaycanlı hərbi əsirlərin işgəncə verilərək qətlə yetirilməsi ilə bağlı bir çox ifadələri sübut edir.

Şübhəsiz ki, aşkar edilmiş qalıqlar Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş, bu günədək taleyi naməlum olan azərbaycanlılara məxsusdur. Halbuki Ermənistan tərəfi dəfələrlə edilən çağırışlara baxmayaraq, törətdiyi müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlətmək məqsədilə həmin şəxslərin taleyi, eləcə də azərbaycanlıların kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırıb.

Xüsusi vurğulayırıq ki, belə məzarlıqların üzə çıxması etnik nifrət hissinə köklənmiş Ermənistan silahlı qüvvələrinin davamlı olaraq beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn normalarının, o cümlədən müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cü il tarixli Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozaraq azərbaycanlı mülki şəxslərə, hərbi qulluqçulara, xüsusilə də yaralılara və həlak olmuş şəxslərə qarşı işgəncə və insanlıq əleyhinə əməllərlə müşahidə olunan müharibə cinayətlərini açıq şəkildə ifşa edir, onların qeyri-humanist davranışını, genosid siyasəti həyata keçirdiyini göstərir. Birinci və İkinci Qarabağ müharibələri zamanı erməni hərbi qulluqçuları tərəfindən azərbaycanlı hərbi əsirlərin yaxın məsafədən başlarına, ürək nahiyələrinə atəş açmaqla qəddarcasına qətlə yetirilməsi, hərbçilərin cəsədlərinin qarət olunması, hissələrə doğranması, insanlığa sığmayan hərəkətlərə yol verilməklə işgəncə və təhqirə məruz qalması ilə bağlı çoxsaylı faktları təsdiq edən xeyli sayda video qeyd edilənlərin bariz nümunəsidir.

Təəssüf hissi ilə bəyan edirik ki, Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməklə bərabər irqi, etnik, dini zəmində kəskin nifrət siyasəti həyata keçirən Ermənistan ölkəmizə qarşı müharibə cinayətlərini dayandırmaq və əvvəllər törədilmiş cinayətlərə görə təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində əməli tədbirlər görmək əvəzinə, xalqlar arasında qarşıdurmaya səbəb olan təxribatlara yol verməklə regionda təhlükəsizliyə və sülhyaratma prosesinə maneə yaradır.

Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatlara və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə əldə edilmiş razılıqlara zidd olaraq, rəsmi İrəvan bu günədək mina xəritələrini və Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4000-dək azərbaycanlının taleyi barədə məlumatları Azərbaycana təqdim etməkdən imtina edir.

Biz, Yaponiyada yaşayan azərbaycanlılar qətiyyətlə bəyan edirik ki, Ermənistanın növbəti belə cinayət əməlləri törətməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət bu müharibə cinayətlərinə adekvat reaksiya verməli, həmin cinayətləri törədənlər məsuliyyətə cəlb edilməlidir. Yaponiya ictimaiyyəti bilməlidir ki, Ermənistan Azərbaycana qarşı humanitar sahədə intervensiya siyasəti həyata keçirib.

Biz bu faktları səlahiyyətli beynəlxalq və regional təşkilatların diqqətinə bir daha çatdıraraq, Ermənistanın hərbi cinayətlərinin qarşısının alınmasını tələb edir, müxtəlif vaxtlarda etnik zəmində törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərə görə cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı hüquq müstəvisində təcili tədbirlər görməyə çağırırıq”.

 
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.