REGİONLAR


Yaponiyalı göz həkimləri Goranboyda ilk gündə 390 nəfəri müayinə ediblər

Goranboy, 9 may, Rauf Hacıyev, AZƏRTAC

Tanınmış yapon alimi, “Fuji Optical” özəl şirkətinin rəhbəri Doktor Akio Kanainin rəhbərliyi ilə 6 optometrist mütəxəssisdən ibarət heyət görmə qabiliyyətinin yaxşılaşdırılması üzrə Azərbaycana 15-ci humanitar missiyaya başlayıb. Missiya çərçivəsində mayın 9-da Goranboy şəhəri ərazisində məcburi köçkünlərin məskunlaşdıqları qəsəbədə göz müayinəsi və eynək paylanışı kampaniyası həyata keçirilib.

Humanitar kampaniya barədə məlumat verən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin xarici əlaqələr üzrə müşaviri Elsevər Ağayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Yaponiyanın özəl şirkəti “Fuji Optical” 2005-ci ildən etibarən Azərbaycana humanitar missiyalar həyata keçirir. Bu missiyalar zamanı, yaponiyalı optometrist mütəxəssislər məcburi köçkünlər, qaçqınlar və digər aztəminatlı insanlar üçün göz müayinəsi aparır və onlara pulsuz eynəklər verirlər. Bütün missiyalara 2006-cı il “Nansen Qaçqın” mükafatı və bir çox başqa mükafatlarla təltif olunmuş Doktor Akio Kanai rəhbərlik edir.

“Fuji Optical” şirkəti Azərbaycana etdiyi humanitar missiyaların reallaşdırılması üçün 2005-ci ildən indiyədək 2,8 milyon ABŞ dollarından çox vəsait xərcləyib. Ümumilikdə, 31 min nəfərdən çox şəxs missiyalar zamanı göstərilən ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanıb.

“Fuji Optical” şirkəti bu il BMT QAK-a 3300 eynək, həmçinin görmə və eşitmə ilə əlaqəli digər əşyalar ianə edib. Şirkət mayın 7-dən 13-dək Yevlax, Goranboy və Bakı şəhərlərində altı gün ərzində eynək paylanılmasını həyata keçirməklə yanaşı, 2400 məcburi köçkün, qaçqın və aztəminatlı şəxsi müayinə etməyi planlaşdırır.

Goranboyda keçirilən göz müayinəsi aksiyası zamanı ilk gündə 390 nəfər məcburi köçkün müayinə edilərək eynəklərlə təmin olunub. Humanitar aksiya çərçivəsində mayın 9-11-də Goranboyda məskunlaşan məcburi köçkünlər və aztəminatlı ailələr, mayın 13-də isə Bakı şəhərində BMT QAK-ın Qaçqın Qadın və Gənclər Mərkəzində qaçqın və məcburi köçkünlər göz müayinəsindən keçiriləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.