REGİONLAR
Yaponiyalı göz həkimləri Yevlaxda 847 nəfəri müayinə ediblər
Yevlax, 8 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Tanınmış yapon alimi, “Fuji Optical” özəl şirkətinin rəhbəri Doktor Akio Kanainin rəhbərliyi ilə 6 optometrist mütəxəssisdən ibarət heyət görmə qabiliyyətinin yaxşılaşdırılması üzrə Azərbaycana 15-ci humanitar missiyaya başlayıb. Missiya çərçivəsində mayın 7-8-də Yevlax şəhəri ərazisində məcburi köçkünlərin məskunlaşdıqları yaşayış məhəlləsində göz müayinəsi və eynək paylanışı kampaniyası həyata keçirilib.
Humanitar kampaniya barədə məlumat verən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin xarici əlaqələr üzrə müşaviri Elsevər Ağayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Yaponiyanın özəl şirkəti “Fuji Optical” 2005-ci ildən etibarən Azərbaycana humanitar missiyalar həyata keçirir. Bu missiyalar zamanı, Yaponiyalı optometrist mütəxəssislər məcburi köçkünlər, qaçqınlar və digər aztəminatlı insanlar üçün göz müayinəsi aparır və onlara pulsuz eynəklər verirlər. Bütün missiyalara 2006-cı il “Nansen Qaçqın” mükafatı və bir çox başqa mükafatlarla təltif olunmuş Doktor Akio Kanai rəhbərlik edir.
“Fuji Optical” şirkəti Azərbaycana etdiyi humanitar missiyaların reallaşdırılması üçün 2005-ci ildən indiyədək 2,8 milyon ABŞ dollarından çox vəsait xərcləyib. Ümumilikdə, 31 min nəfərdən çox şəxs missiyalar zamanı göstərilən ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanıb.
“Fuji Optical” şirkəti bu il BMT QAK-a 3300 eynək, həmçinin görmə və eşitmə ilə əlaqəli digər əşyalar ianə edib. Şirkət mayın 7-dən 13-dək Yevlax, Goranboy və Bakı şəhərlərində altı gün ərzində eynək paylanılmasını həyata keçirməklə yanaşı, 2400 məcburi köçkün, qaçqın və sığınacaq axtaran şəxsi müayinə etməyi planlaşdırır.
Yevlaxda keçirilən göz müayinəsi aksiyası zamanı iki günündə 847 nəfər məcburi köçkün müayinə edilərək eynəklərlə təmin olunub. Humanitar aksiya çərçivəsində mayın 9-11-də Goranboyda məskunlaşan məcburi köçkünlər və aztəminatlı ailələr, mayın 13-də isə Bakı şəhərində BMT QAK-ın Qaçqın Qadın və Gənclər Mərkəzində qaçqın və sığınacaq axtaran şəxslər göz müayinəsindən keçiriləcəklər.