İQTİSADİYYAT
Yaponiyalı investorla əməkdaşlıq imkanları müzakirə edilib
Bakı, 12 avqust, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov “Oğuz Aqro İndustry” MMC-nin yaponiyalı investoru Muneçika Tanio və müəssisənin direktor müavini Namiq Ələsgərovla görüşüb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Oğuz rayonunun Sincan kəndində yaradılmış tütünçülük təsərrüfatının cari fəaliyyəti, istehsal imkanlarının genişləndirilməsi və ölkəmizin digər rayonlarında bu istiqamətdə fəaliyyət göstərməsi üçün lazım olan əlavə dövlət dəstəyi tədbirləri müzakirə edilib.
Görüşdə M.Tanio ölkəmizdə əlverişli biznes və investisiya mühitinin olduğunu vurğulayaraq, Yaponiya investorları tərəfindən Azərbaycanda turizm, kənd təsərrüfatı, sənaye, əczaçılıq və digər sahələrə marağın olduğunu qeyd edib, gələcəkdə yaponiyalı iş adamlarının ölkəmizə biznes missiyalarının təşkilinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.