REGİONLAR
Yaponiyalı investorlar İsmayıllının turizm və kənd təsərrüfatı sahələrinə maraq göstərirlər
İsmayıllı, 17 fevral, AZƏRTAC
Fevralın 17-də İsmayıllı Rayon İcra Hakimiyyətində “TET International Development” MMC-nin qanuni təmsilçisi, “Oguz Agro Industry” şirkətinin prezidenti, yaponiyalı iş adamı Tarao Savadanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov son illər Azərbaycanla Yaponiya arasında işgüzar və diplomatik əlaqələrin daha intensiv xarakter aldığını, bu əlaqələrin səmərəli nəticələrinin İsmayıllıda da öz əksini tapdığını vurğulayıb. Səmərəli və işgüzar şəraitdə keçən görüşdə yaponiyalı iş adamları ilə birgə rayonda biznes missiyalarının təşkilinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb. Yaponiya investorları tərəfindən rayonda turizm, kənd təsərrüfatı və digər sahələrə maraq göstərildiyi bildirilib.
İsmayıllıda xarici və yerli investorlar üçün əlverişli biznes və investisiya mühitinin olduğu vurğulanıb.
Xatırladaq ki, 2013-cü il noyabrın 22-də İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında qarşılıqlı dostluq mübadiləsi haqqında saziş imzalanıb. 2014-cü ildən başlayaraq İsmayıllı məktəbliləri ilə İto beynəlxalq “Home-stay” klubu arasında müəllim-tələbə əməkdaşlıq proqramı həyata keçirilir.
Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə İsmayıllıda bir çox layihə reallaşıb. Belə ki, yapon bağı salınıb, uşaq bağçası, tibb məntəqəsi və məktəb binaları tikilib, içməli su xətti çəkilib, suvarma sistemləri qurulub və sair işlər görülüb.