ELM VƏ TƏHSİL


Yaponiyalı mütəxəssis Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələrinə ustad dərsi keçib

Bakı, 21 oktyabr, AZƏRTAC

Yaponiyanın məşhur işıq dizayneri Daisuka Yano Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) memarlıq fakültəsinin tələbələrinə ustad dərsi keçib.

AzMİU-dan AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin beynəlxalq əlaqələri üzrə prorektoru, professor Nərgiz Abdullayeva görüşü təşkil etdiyi üçün Yaponiyanın ölkəmizdəki səfirliyinə universitetin rəhbərliyi adından təşəkkürünü çatdırıb.

Səfirliyin müşaviri Yamanaka bu görüşün memarlıq və dizayn üzrə təhsil alan tələbələr üçün əhəmiyyətli olacağına əminliyini bildirib. O qeyd edib ki, işıq və kölgə üzrə mütəxəssis olan D.Yano Yaponiyanın Musasino İncəsənət Universitetinin məzunudur. 2010-cu ildə Tokio İşıqlandırma Dizaynı şirkətini yaradıb, binaların işıqlandırılması, tədbirlərdəki işıq effektləri, instalyasiya kimi müxtəlif janrlarda fəaliyyət göstərən işıqlandırma dizaynını inkişaf etdirib.

Sonra D.Yano tələbələrə ustad dərsi keçib, bu günədək Yaponiyada reallaşdırdığı layihələr barədə geniş təqdimatla çıxış edib. Onun 2015-ci ildə həyata keçirdiyi “Night Wave” (“Gecə dalğası”) layihəsi (təbii dəniz dalğalarını vizuallaşdırmaqla dəniz sahilinin işıqlandırılması) tələbələrin marağına səbəb olub.

Tokio İşıqlandırma Dizaynı şirkətinin əməkdaşı Kenuke Fucişironun qaranlıq auditoriyada görünməyən şəraitdə kibritlə məkanı, ətrafı maraqlı şəkildə işıqlandırmaq və bununla da işığın bəzi fiziki xüsusiyyətlərinə nəzər salmaq barədə çıxışı maraqla qarşılanıb.

Sonda D.Yano səmimi görüşə görə təşəkkürünü bildirib, tələbələrə uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.