SİYASƏT
Yaponiyalı professor: Azərbaycanın qələbə qazanmasının kökündə, ilk növbədə, onun güclü dövlət olması dayanır
Tokio, 14 dekabr, AZƏRTAC
Beynəlxalq ictimaiyyətin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanmasına göz yumması yolverilməz idi. Müharibə itkilərə səbəb olsa da, beynəlxalq ictimaiyyətin Ermənistanın kompromissiz mövqe nümayiş etdirməsinə loyal münasibəti, problemin sülh yolu ilə həlli üçün lazımi addımlar atmaması onu münaqişənin həlli üçün yeganə vasitəyə çevirmişdi.
Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində Keyo Universitetinin siyasi idarəetmə və beynəlxalq münasibətlər kafedrasının professoru xanım Yoko Hirose deyib.
Professor qeyd edib ki, Azərbaycanın işğal altındakı ərazilərini azad etməsi tam ədalətlidir. O bildirib ki, Azərbaycanın müharibədə qələbə qazanmasının kökündə, ilk növbədə, onun güclü dövlət olması dayanır. Azərbaycan Silahlı Qüvvələri yüksək hazırlıq səviyyəsinə və müasir silahlara malikdir. Bu təchizat və ordudakı yüksək əhval-ruhiyyə qələbəyə yol açdı. Təbii ki, bu məsələdə Azərbaycanın strateji üstünlüyü, son illər yüksək səviyyəli beynəlxalq oyunçuya çevrilməsi də öz sözünü dedi.
Yoko Hirose deyib ki, Ermənistanın başqalarına, xüsusən KTMT-yə arxayın olaraq siyasət yeritməsi onun bu addımlarının nə qədər əsassız olduğunu göstərdi. Bununla yanaşı, Ermənistanın xarici siyasətdə yol verdiyi səhvlər də onun məğlubiyyətində öz sözünü dedi.
Ermənilərin müharibədə məğlubiyyətin əvəzini tərk etdikləri ərazilərdə evləri yandırmaqla, ağacları kəsməklə, həmin torpaqlara zərər vurmaqla çıxmağa çalışmasına münasibət bildirən professor bunun çox təəssüf doğuran hal olduğunu deyib. Qeyd edib ki, həmin təxribatçı hərəkətlər yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlib. Buna görə də düşünürəm ki, bu vandalizmə bütün dünya münasibət bildirməlidir. Ermənilərin yandırdıqları evlərin azərbaycanlılara məxsus olduğunu xatırlayanda, bu hərəkətə heç cür haqq qazandırmaq olmaz. İctimai binaların, meşələrin yandırılmasını da bağışlamaq mümkün deyil, çünki bu, ictimai mülkiyyətə, ətraf mühitə vurulan böyük zərbədir. Təəssüf ki, bu hadisələri işıqlandıran bəzi beynəlxalq KİV-lər erməniləri yazıq kimi təqdim edirlər. Lakin bütün dünya unutmamalıdır ki, bu ərazilər vaxtilə azərbaycanlılara məxsus olub və ermənilər tərəfindən uzun müddət işğal altında saxlanılıb.
1993-cü ildə Kəlbəcəri tərk etmək üçün erməni yaraqlılarının azərbaycanlılara cəmi 10 saat vaxt verdiyini xatırladan Y.Hirose vurğulayıb ki, bu, tamamilə insanlıqdan uzaq bir haldır və bu hərəkəti törədənlər ittiham olunmalıdırlar. Digər tərəfdən, Azərbaycanın ermənilərə həmin əraziləri tərk etmək üçün ayrılan vaxtı uzatması, sözün həqiqi mənasında, insanlıq adına ən yüksək humanizm addımı kimi qiymətləndirilməlidir.
Müharibənin nəticəsinin region xalqları üçün faydalı olacağına inandığını bildirən Y.Hirose Azərbaycanın bu qələbəsinin regionda sülhə və əmin-amanlığa yol açacağına əmin olduğunu da bildirib. Qeyd edib ki, bu müharibə yalnız ədalətin bərpa olunmasına deyil, həm də bu ərazidə yaşayan xalqların gələcək inkişafına da böyük təsir göstərəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio