REGİONLAR
Yaponiyalı qonaqlar ölkələrinə xoş və zəngin təəssüratlarla qayıdırlar
İsmayıllı, 26 avqust, AZƏRTAC
Yaponiyanın İto şəhərindən “Dostluq mübadiləsi haqqında saziş” çərçivəsində İsmayıllıya gələn proqram rəhbəri Fumika Saiquasa, yuxarı sinif şagirdi xanım Nene Moçizuku, universitet tələbəsi xanım Mari İnaqaki səfərlərini başa vuraraq Bakıya yola salınıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yaponiyadan gələn nümayəndə heyəti proqrama uyğun olaraq İsmayıllı şəhəri, Lahıc və Basqal qəsəbələri, İvanovka kəndi ilə tanış olub, bir neçə ailədə, o cümlədən Yaponiyanın İto şəhərinə gedən müəllimə Arzu Məmmədova, Rəşad Babayev və Samir Osmanlının ailələrində qonaq qalıblar. Qonaqlar milli mətbəximiz və adət-ənənələrimizlə yaxından tanış olublar.
Nümayəndə heyəti, habelə şəhərin 1, 5 və 6 saylı tam orta məktəblərində görüşlər keçirib, Heydər Əliyev Mərkəzinə və İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkiblər. Qonaqların Qəbələ və Şəki şəhərlərinə səfəri də təşkil edilib.
Yoladüşmə ərəfəsində yaponiyalı qonaqlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin İsmayıllının mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Proqram rəhbəri Fumika Saiquasa qonaqpərvərliyə görə minnətdarlığını bildirib, ölkəmiz, Azərbaycan xalqı barədə zəngin bilgilər qazandıqlarını, Yaponiyaya xoş təəssüratlarla gedəcəklərini söyləyib.
Qonaqları rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, təhsil şöbəsinin müdiri Rasim Orucov, şəhər 1, 5 və 6 saylı tam orta məktəbin direktorları və Yaponiyada səfərdə olan şagirdlər yola salıblar.