REGİONLAR
Yaponiyalı sərmayədarlar “Zaqatala AGRO İndustry” MMC-nin emal məntəqəsi ilə tanış olublar
Zaqatala, 6 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Əsasən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən Yaponiyanın qabaqcıl şirkətlərindən olan “Tet İnternational Development” şirkəti Azərbaycanda tütünçülüyün inkişafı ilə bağlı bir sıra layihələr həyata keçirir. Bu ilin iyulunda şirkətin Zaqatala rayonunda sayca dördüncü tütünqurutma məntəqəsi fəaliyyətə başlayıb. Oktyabrın 6-da “Tet İnternational Development” şirkətinin 35-dək səhmdarı şirkətin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC-nin tütünqurutma məntəqəsində olub, sərmayə qoyduqları müəssisənin fəaliyyəti ilə maraqlanıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müəssisənin ofisində keçirilən görüşdə “Tet İnternational Development” şirkətinin rəhbəri Taro Savada səhmdarlara şirkətin Azərbaycandakı fəaliyyəti və Zaqatalada gördüyü işlər barədə məlumat verib. Bildirilib ki, “Tet International Development” şirkəti Azərbaycanda 3 ildir fəaliyyət göstərir. Məqsəd kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə tütünçülüyün inkişafına dəstək verməkdir. Hazırda Azərbaycanda şirkətin 4 tütünqurutma müəssisəsi işləyir. Bu müəssisələr Oğuz, Tovuz, Şəki və Zaqatala rayonlarında yerləşir. “Zaqatala AGRO İndustry” MMC-nin tütünqurutma məntəqəsi bu müəssisələr içərisində ən böyüyüdür. Şirkət tərəfindən Zaqatala rayonunda emal müəssisəsinin tikintisinə 2021-ci ilin yanvarında başlanılıb. Məntəqədə 120 tütünqurutma kamerası quraşdırılıb. Tütün istehsalı ilə bağlı bu il Zaqatala və Qax rayonlarında 53 fermerlə müqavilə bağlanılıb, onlara şitil yetişdirmək üçün pulsuz toxum verilib. Eyni zamanda, fermerləri tütün şitilləri ilə təmin etmək üçün məntəqənin özündə 48 ədəd istixana quraşdırılıb.
Sonra yaponiyalı sərmayədarlar “Zaqatala AGRO İndustry” MMC-nin tütünqurutma məntəqəsində yaradılan şəraitlə yaxından tanış olub, işçilərlə görüşüb, kameralarda qurudulmuş tütünün çeşidlənməsi prosesini izləyiblər.