ELM VƏ TƏHSİL
Yaponiyalı tələbələr: Azərbaycan modern inkişafı və qonaqpərvərliyi ilə yaddaşımıza yazıldı VİDEO
Tokio, 9 dekabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Tokionun Vaseda Universitetinin bir qrup tələbəsi bu ilin oktyabrında “Yaponiya-Azərbaycan mübadilə proqramı-2015” layihəsi çərçivəsində Azərbaycana səfər edib.
AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri həmin proqramda iştirak etmiş müəllim-tələbə heyətinin bir sıra üzvləri ilə görüşərək onların səfər təəssüratlarını öyrənib.
Proqramın rəhbəri, Vaseda Universitetinin professoru Hiroaki Mohri bildirib ki, səfərdən məqsəd son illər böyük iqtisadi nailiyyətlər qazanan Azərbaycanla əyani şəkildə tanış olmaq, iki ölkənin gəncləri arasında dostluq əlaqələri, qarşılıqlı anlaşma yaratmaq idi.
Layihə çərçivəsində Azərbaycana səfərlərin artıq ənənə şəklini aldığını qeyd edən professor səfərin təşkilində göstərilən yardıma görə Azərbaycanın Yaponiyadakı səfirliyinə və azərbaycanlı dostlarına minnətdarlığını bildirib. Səfərin çox yüksək səviyyədə keçdiyini, tələbələrin Azərbaycandan böyük təəssüratlarla qayıtdıqlarını vurğulayan Hiroaki Mohri deyib: “Azərbaycan və Yaponiya insanların qonaqpərvərliyi, tolerantlığı, yüksək mədəniyyəti ilə bir-birinə çox bənzəyir”.
Universitetin biznesin idarə edilməsi fakültəsinin tələbəsi Kan Hiroyuki ölkəmizin onda çox dərin təəssürat oyatdığını bildirib. “Azərbaycanlılar çox qonaqpərvər, istiqanlıdırlar. Səfər zamanı qaldığım evin sakinləri məni ən əziz adam kimi qarşıladılar. Bu ailənin daxilindəki səmimiyyət, mehribanlıq və qonağa diqqət mənim çox xoşuma gəldi. Paytaxt Bakı isə özündə keçmişlə müasirliyi birləşdirir: bir tərəfdə tarixi İçərişəhər, digər tərəfdə isə möhtəşəm “Alov qüllələri” kompleksi və dünyanın ən hündür Dövlət bayrağı qülləsi. Bütün bunlar həqiqətən çox gözəl idi. Azərbaycan modern inkişafı və qonaqpərvərliyi ilə yaddaşlarımıza yazıldı”, – deyə Kan Hiroaki vurğulayıb.
Ticarət fakültəsinin tələbəsi Andeu Tsubasa da azərbaycanlı ailəsində qaldığını qeyd edərək deyib: “Azərbaycanda ailədaxili münasibətlər çox xoşuma gəldi. Səfər zamanı çoxlu dost qazandım. Mətbəxiniz, xüsusilə Azərbaycan balı çox xoşuma gəldi. İnsanlarınız çox mehribandır. Hər şeyin məhz qonağa uyğunlaşdırıldığının şahidi olduq. Sizin çox gözəl adətləriniz, səmimi insanlarınız var. Çox maraqlı və əyləncəli bir səfər oldu”.
İqtisadiyyat fakültəsinin tələbəsi Komatsu Takumi: “Əvvəllər Azərbaycan haqqında heç bir məlumatım olmayıb. Universitetin layihəsi sayəsində Azərbaycan haqqında araşdırmalar apardım və müəyyən məlumatlar əldə etməyə çalışdım. Müsəlman ölkəsi olduğuna görə narahat idim. Dillər Universiteti və Bakı Dövlət Universitetində tələbələrlə müzakirələr apardıqda düşüncələrimizin eyniliyinin şahidi oldum. Qısası, çox gözəl ölkəniz var”.
Biznesin idarə edilməsi fakültəsinin tələbəsi İsa Takuya isə azərbaycanlı gənclərin yüksək dünyagörüşü, savadı, bir neçə dildə sərbəst danışmaları ilə onu heyrətləndirdiklərini deyib. Qeyd edib ki, ünsiyyətdə olduğu tələbələr təhsillə yanaşı, idmana, fiziki sağlamlığa da xüsusi diqqət yetirirlər. İdmanın müxtəlif növləri, Yaponiyada da geniş yayılmış karate və aykido ilə məşğul olurlar. Belə savadlı, müasir düşüncəli gənclərin yetişməsi deməyə imkan verir ki, Azərbaycan gələcəkdə daha böyük uğurlar qazanacaq.
Proqram çərçivəsində tələbələrin Bakıdan əlavə, Quba və Qusar rayonlarına da getdiklərini, tarixi və mədəniyyət abidələri ilə tanış olduqlarını söyləyən professor H.Mohri deyib: “Tələbələrlə ayrı-ayrılıqda İsmayıllıya, Lahıca getməyi də planlaşdırırıq. Düşünürəm ki, sürətli inkişafı ilə yaponların diqqətini cəlb edən Azərbaycana maraq çox böyükdür və bu, proqramın davamlı olacağını deməyə əsas verir”.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio