İDMAN
Yaponiyalı üçqat dünya çempionu Hikaru Mori Bakıda təsnifat yarışlarında birinciliyini davam etdirir
Bakı, 18 noyabr, AZƏRTAC
Yaponiyalı qadın batutçu Hikaru Mori Bakıda təşkil olunan dünya çempionatının təsnifat yarışında liderliyini davam etdirir.
AZƏRTAC xəbər verir ki, dünya çempionatının üçqat qalibi və Asiya Oyunlarının mükafatçısı çıxışına görə, hakimlərdən 104,750 xal alıb. Britaniyalı Brioni Peyc (104,525 xal) və yaponiyalı Reina Satake (102,230 xal) ilk üçlükdə yer alıblar.
Noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.
Yarışların ilk iki günü təsnifat, sonuncu iki gün isə finallar keçiriləcək. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.