Yaponiyanın “Asahi TV” kanalında Ermənistanın təxribatları barədə veriliş yayımlanıb
AzerTAg.az
Tokio, 5 oktyabr, AZƏRTAC
Yaponiyanın geniş auditoriyaya malik olan “Asahi TV” telekanalında Dağlıq Qarabağda cərəyan edən hadisələrə dair xüsusi veriliş yayımlanıb.
AZƏRTAC xəbər verir ki, verilişdə Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və hazırki silahlı qarşıdurma, onun səbəbləri haqqında geniş məlumat verilib.
Verilişə əsas qonaq cismində dəvət olunmuş Yaponiyanın Keio Universitetin professoru Yoko Hirose bildirib ki, hazırda bölgədə gedən hərbi əməliyyatların səbəbkarı Ermənistandır. Həmin qonşu dövlət Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Bu ərazidə Dağlıq Qarabağ regionu və ətrafdakı yeddi rayon daxildir.
Professor vurğulayıb ki, döyüşlər bəzi informasiya vasitələrinin təqdim etdiyi kimi Ermənistanın deyil, Azərbaycanın ərazisində gedir. Y.Hirose bildirib ki, mütəmadi olaraq Ermənistanın təxribatlarına məruz qalan Azərbaycan beynəlxalq hüquq və prinsiplərə görə öz torpaqlarını düşmən işğalından azad etmək hüququna malikdir.
Verilişdə iştirak edən Hokkaydo Universitetinin doktorant-tələbəsi Əlibəy Məmmədov BMT-nin Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsini xatırladıb. Qeyd edib ki, Ermənistan rəhbərliyi və ordusu beynəlxalq hüququ kobud şəkildə pozaraq, suveren bir dövlətin ərazisində terror aktları həyata keçirir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio


Xəbərin mətnində orfoqrafik səhv var