REGİONLAR
Yaponiyanın Azərbaycandakı səfiri Astaraya səfər edib
Astara, 28 aprel, Bağır Əliyev, AZƏRTAC
Aprelin 27-də Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi və xanımı Vada Reiko Astara rayonunda səfərdə olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara Rayon İcra Hakimiyyətində səfirlə keçirilən görüşdə Azərbaycanın cənub qapısı olan Astaranın tarixi, coğrafi mövqeyi, əhalinin məşğulluğu, iqtisadiyyatı, və sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat verilib.
Görüşdə Yaponiya hökumətinin həyata keçirdiyi layihələr çərçivəsində 2003-cü ildə rayonun Ərçivan qəsəbəsində, 2005-ci ildə Artupa kəndində yeni məktəb binalarının tikintisi, rayonda inşa edilən müasir çay fabrikində avadanlıqların quraşdırılmasında yapon mütəxəssislərin əməyi yüksək qiymətləndirilib.
Yaponiya hökumətinin vəsaiti hesabına “Sosial məsələlərin həllinə kömək” İctimai Birliyi tərəfindən ötən il ucqar dağlıq ərazidə yerləşən Hamoşam kəndində, bu il isə Ojakəran kəndində tibb məntəqələrinin tikilərək istifadəyə verildiyi diqqətə çatdırılıb.
Görüşdə, həmçinin Yaponiyadan gətirilən naringi sortlarının rayonun sitrus bağlarında əkildiyi qeyd olunaraq, digər sahələrin, xüsusən balıqçılığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Astaranın əsrarəngiz təbiətinin ölkəsinin təbiəti ilə oxşarlığını qeyd edən və bundan xüsusi zövq aldığını söyləyən yaponiyalı diplomat, göstərilən diqqətə görə minnətdarlıq edərək, dövlətinin həyata keçirdiyi Qrant Yardımı Proqramı çərçivəsində Astara rayonunda 2 yeni tibb məntəqəsinin inşa edilərək istifadəyə verilməsinə sevindiyini bildirib.
Səfir Vada Cüniçi müxtəlif sahələrdə yeni layihələrin icrası üçün atılacaq addımların xalqlarımız arasında dostluğa və qarşılıqlı əməkdaşlığa töhfə olacağını söyləyib.
Yaponiya-Azərbaycan arasında mövcud iqtisadi və mədəni əlaqələrin daha da genişlənəcəyini qeyd edən tərəflər mədəniyyət, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq üçün münbit şəraitin yarandığını vurğulayıblar.
Görüşdən sonra qonaqlar Yaponiya hökumətinin dəstəyi ilə Astara rayonunun Ojakəran kəndində inşa edilən tibb məntəqəsində yaradılan şəraitlə tanış olublar.