REGİONLAR
Yaponiyanın Azərbaycandakı səfiri Lənkəranda
Lənkəran, 28 aprel, Bağır Əliyev, AZƏRTAC
Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi aprelin 28-də cənub bölgəsinə səfəri çərçivəsində Lənkərana gəlib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətində yaponiyalı diplomatla keçirilən görüşdə qonağa Lənkəranın tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Lənkəranda çayçılıq, çəltikçilik və sitrusçuluq kimi ənənəvi kənd təsərrüfatı sahələri inkişaf etdirilir. Lənkəran, həm də özünün qədim tarixi-memarlıq abidələri ilə məşhurdur.
Görüş zamanı Yaponiya hökumətinin qrant yardımı proqramı çərçivəsində ölkəmizdə, o cümlədən Lənkəran rayonunda məktəb tikintisi, su xətti çəkilişi və digər sosialyönümlü layihələr barədə də danışılıb.
Səfir Vada Cüniçi səfərinin cənub bölgəsinin əsrarəngiz gözəllikləri, gəzməli-görməli yerləri və istehsal müəssisələri ilə yaxından tanış olmaq məqsədi daşıdığını bildirib.
Görüşdə birgə əməkdaşlığın perspektivləri barədə də fikir mübadiləsi aparılıb.
Yaponiyalı diplomat Lənkəranda olduğu müddətdə Heydər Əliyev Xatirə Parkına, Heydər Əliyev Mərkəzinə, Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkib, “Laran” MMC qənnadı fabrikində, Girdəni kəndindəki “Green East” MMC-nin çəltik sahələrində və çəltik emalı zavodunda, İstisu qəsəbəsindəki “Yaşıl Çay” fermer təsərrüfatının çay plantasiyasında iş prosesi ilə tanış olub, bu təsərrüfatın çay muzeyində ətirli Lənkəran çayından dadıb,
Yaponiyalı qonaq səfər çərçivəsində, həmçinin Hirkan Milli Parkını, Bürcəli kəndindəki sitrus meyvə bağlarını gəzib, Hirkan-Daşdatük-Biləsər yolu ilə Xanbulançay gölünü seyr edib.