DÜNYA


Yaponiyanın Baş Naziri deflyasiyanı aradan qaldıracağını vəd edib

Tokio, 21 noyabr, AZƏRTAC

Noyabrın 20-də - hakimiyyətdə olmasının 2887-ci günü Yaponiyanın Baş Naziri Şinzo Abe ölkədə deflyasiyanın aradan qaldırılması və pasifist Konstitusiyanı dəyişəcəyini vəd edib.

AZƏRTAC xəbər verir ki, Yaponiya tarixində ən uzunmüddətli Baş Nazir olan Şinzo Abe bu barədə jurnalistlərlə görüşü zamanı bəyan edib.

2012-ci ilin dekabrında yenidən hakimiyyətə qayıdan Ş.Abe 2006-2007-ci illər də daxil olmaqla, 100 il əvvəl Taro Katsura tərəfindən müəyyən edilmiş rekordu aşaraq Yaponiyanın ən uzunmüddətli hökumət başçısı olub.

Baş Nazirin iqamətgahında jurnalistlərlə görüşən Ş.Abe deyib: “Liberal Demokratik Partiyanın sədri olaraq mənim hələ iki il vaxtım var. Üzərimə düşən vəzifənin bütün məsuliyyətini və ağırlığını dərk edərək, hakimiyyətin ilk illərində sanki nazik buz qatı üzərində hərəkət edirmiş kimi əsəbi gərginliyi kənara ataraq, siyasi məqsədlərə çatmaq üçün var gücümü sərf edəcəyəm”.

Hazırda Baş Nazirin gündəliyində duran əsas vəzifələr sırasında deflyasiyanın aradan qaldırılması, doğumun artması yolu ilə ölkədə qocalmanın qarşısının alınması, İkinci Dünya müharibəsinin qurtarmasından sonra diqqətdən kənarda qalan diplomatik problemlərin həlli xüsusi yer tutur.

Baş Nazir Konstitusiyaya dəyişikliklərin çox uzaqda olmadığını da bildirib. Lakin bütün cəhdlərə baxmayaraq, 65 yaşlı lider 1947-ci ildə qüvvəyə minmiş Konstitusiyada ilk dəyişikliklərin aparılması ilə bağlı parlamentdə əsaslı irəliləyişə nail ola bilmir.

Bununla yanaşı, Yaponiya Bankının pul-kredit siyasətinin yumşaldılması yolu ilə ölkənin deflyasiyadan çıxmasına istiqamətlənmiş “Abenomika”nın tətbiq edildiyi illər də gözlənilən nəticəni vermir və iqtisadiyyat titrək vəziyyətini davam etdirir.

Bütün bunlara baxmayaraq, ölkədə yaşamaq qabiliyyətini itirmiş müxalif blokun mövcudluğu səbəbindən Ş.Abe qismən sabit ictimai dəstəyə nail ola bilib.

İqtidarın özündə də layiqli namizədlərin olmaması LDP-dən olan qanunvericilərin, o cümlədən partiyanın baş katibi Toşihiro Nikainin növbəti müddət üçün Ş.Abenin namizədliyini dəstəkləyəcəyi barədə fikirlərə yol açır. LDP Nizamnaməsinə əsasən partiya sədrinin yalnız üç dəfə seçilmək hüququnun olmasına baxmayaraq, Ş.Abe 2021-ci ilin sentyabrından sonra da həmin vəzifədə qalmağın yollarını araşdırır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.