DÜNYA
Yaponiyanın Baş Naziri hava hücumundan müdafiə barədə bəyanatla çıxış edib
Tokio, 12 sentyabr, AZƏRTAC
Yaponiya hökuməti cari ilin sonunadək ölkənin hava hücumundan müdafiəsi ilə bağlı yeni siyasətini hazırlamağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə bəyanatla Baş Nazir Şinzo Abe ölkənin milli təhlükəsizlik şurasının cümə günü keçirilən iclası zamanı çıxış edib. Şuranın iclasında Şinzo Abe ilə birlikdə onun müavini Taro Aso, Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa və Müdafiə naziri Taro Kono iştirak ediblər.
Ş.Abe bəyanatında bildirib ki, Yaponiya son vaxtlar daha kəskin milli təhlükəsizlik şərtləri ilə qarşılaşır. Şimali Koreya tərəfindən keçirilən yeni növ ballistik raket sınaqları buna misal kimi göstərilə bilər.
Bununla əlaqədar Yaponiya hökuməti Yamaquçi və Akita prefekturalarında yerləşdirilməsi nəzərdə tutulan “Aegis Ashore” yerüstü sistemlərə alternativ variantlar axtarır. Hökumət iyunda həmin sistemlərdən imtina etmək barədə qərar qəbul edib.
Bəyanatda, həmçinin hava hücumundan müdafiə sistemlərinin quraşdırılmasının insanların həyatını və fəaliyyətini qorumaq üçün kifayətedici olub-olmayacağı barədə də sual qaldırılır. Bildirilir ki, hökumət yeni hava hücumundan müdafiə strategiyasının yaradılmasına Yaponiyanın qabaqlayıcı potensialının artırılması məqsədi kimi baxır.
Ş.Abe bildirib ki, hökumət və hakim partiya “Aegis Ashore” sisteminə alternativi olacaq yeni siyasəti cari ilin sonunadək keçirəcəyi görüşlər və məsləhətləşmələr yolu ilə hazırlamağı nəzərdə tutur.
Qeyd edək ki, Yaponiya hökuməti ilkin olaraq milli təhlükəsizlik strategiyasının istiqamətlərini sentyabradək hazırlamağı planlaşdırırdı. Lakin Ş.Abenin Baş Nazir vəzifəsindən istefa verməsi bu işin yeni yaranacaq hökumət tərəfindən həllini önə çəkib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio