DÜNYA


Yaponiyanın Baş Naziri tədris ilinin sentyabrda başlamasına dair plandan imtina edib

Tokio, 3 iyun, AZƏRTAC

Yaponiyanın Baş Naziri Şinzo Abe tədris ilinin apreldən sentyabra dəyişdirilməsinə dair plandan imtina edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Nazir hakim Liberal Demokratik Partiyanın (LDP) həmin məsələni araşdıran işçi qrupu ilə görüşü zamanı bildirib. Ş.Abe qeyd edib ki, təklif edilən dəyişikliyi indiki halda həyata keçirmək mümkün deyil.

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar Tokionun və bir sıra digər prefekturaların qubernatorları tədris ilinin başlaması vaxtının sentyabra dəyişdirilməsi ilə bağlı hökumətə çağırış ediblər.

Eyni zamanda, sabiq Təhsil naziri Şibayama Masahikonun rəhbərlik etdiyi LDP-nin işçi qrupu həmin məsələni araşdıraraq xüsusi məruzə hazırlayıb. Sənəddə işçi qrupunun gəldiyi nəticələr öz əksini tapıb.

Məruzədə bildirilir ki, ölkədə tədris ilinin başlaması vaxtının dəyişdirilməsi ilə əlaqədar milli konsensus təmin edilməli və hazırlıq işləri aparılmalıdır. Buna görə də həm cari, həm də gələn təhsil ilinin daxil olduğu yaxın gələcəkdə bu planı həyata keçirmək çox çətindir.

Baş Nazir də öz növbəsində bildirib ki, tədris ilinin başlaması vaxtının dəyişdirilməsi bir sıra qanunlarda dəyişikliklər aparılmasını tələb edir. Lakin həmin vəzifələri nə cari, nə də gələn təhsil ilində həyata keçirmək mümkün deyil.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.