CƏMİYYƏT
Yaponiyanın Baş Naziri yeni koronavirusu ən təhlükəli keçici xəstəliklər siyahısına daxil edəcək
Tokio, 27 yanvar, AZƏRTAC
Yaponiyanın Baş Naziri Şinzo Abe yeni koronavirusu ən təhlükəli keçici xəstəliklər siyahısına daxil etmək niyyətində olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, Baş Nazir bu barədə yanvarın 27-də parlamentin aşağı palatasının komitələrindən birinin iclasında çıxışı zamanı bildirib.
Koronavirusun həmin siyahıya daxil olunması, səhiyyə orqanlarının əməkdaşlarına icrası məcburi olan tədbirləri həyata keçirməyə imkan yaradacaq.
Əlavə olaraq bildirək ki, bu ərəfədə Yaponiya Səhiyyə Nazirliyi yeni koronavirusla əlaqədar dördüncü yoluxmanın qeydə alındığını bəyan edib.
Yanvarın 26-da bu barədə məlumat yayan nazirlik bildirib ki, həmin şəxs Uxan şəhərindən gəlmiş 40 yaşlı kişidir. Onun yanvarın 22-də Yaponiyaya gəldiyi və ertəsi gün yüksək temperatur simptomları ilə xəstəxanaya yerləşdirildiyi bildirilir. Hazırda onun səhhətinin sabit olduğu qeyd edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio