DÜNYA
Yaponiyanın Baş naziri Fukuşimadan təxliyə olunanların geri qayıtmalarına yardım göstərəcəyini vəd edib
Tokio, 6 mart, AZƏRTAC
Martın 6-da Fukuşima prefekturasına səfər edən Yaponiyanın Baş naziri Yoşihide Suqa 2011-ci ildəki sunami nəticəsində Atom Elektrik Stansiyasında (AES) yaranan qəza ilə əlaqədar bölgədən ərazidən təxliyə olunan hər bir sakinin geri qayıtması üçün yardım göstərəcəyini vəd edib.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, Baş nazir 2011-ci il martın 11-də baş vermiş dəhşətli təbii fəlakətin 10-cu ildönümü ərəfəsində Okuma şəhərində olub. Okuma şəhəri qəzaya uğramış “Fukuşima-1” AES-in yerləşdiyi iki şəhərdən biridir.
Baş nazir iki il əvvəl təxliyə vəziyyətinin aradan qaldırıldığı Oqavara rayonunda yeni inşa edilmiş ticarət mərkəzi ilə tanış olub. Okumanın meri Yoşida Cun Baş nazirə ticarət mərkəzi və ərazidə aparılan digər bərpa işləri barədə məlumat verib.
Y.Suqa bildirib ki, hökumət bu ərazilərdə təxliyə vəziyyətinin tezliklə aradan qaldırılması və sakinlərin geri qayıtmaları istiqamətində işi ardıcıl şəkildə davam etdirəcək. Ərazidən təxliyə olunanların böyük çətinliklər çəkdiyini qeyd edən Baş nazir onların tezliklə geri qayıtmaları üçün lazım olan bütün dəstəyi verəcəyini də deyib.
Həmin gün Futabu şəhərində olan Y.Suqa buradakı bərpa işləri ilə də maraqlanıb. Futabu stansiyasında olan Baş nazirə burada təxliyə tədbirlərinin bir il əvvəl aradan qaldırıldığı və Sakit okean sahili boyunca dəmir yolu xəttinin işini bərpa etdiyi barədə məlumat verilib.
Qeyd edək ki, bu, Y.Suqanın Baş nazir vəzifəsini tutduqdan sonra Fukuşima prefekturasına ikinci səfəridir. Həmin gün Baş nazir təbii fəlakətin böyük ziyan vurduğu Namie və Minamişoma şəhərlərində də olub.
Yerli sakinlərlə görüşən Y.Suqa təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlərin bundan sonra daha sürətlə davam etdiriləcəyini deyib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio