DÜNYA


Yaponiyanın Baş naziri Yasukuni məbədinə ianə göndərib

Tokio, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 17-də Yaponiyanın yeni Baş naziri Fumio Kişida Asiyada militarizmin rəmzi hesab edilən Yasukuni məbədinə ianə göndərib. Həmin məbəddə Yaponiya uğrunda döyüşlərdə həlak olan bütün əsgərlərin, o cümlədən Tokio prosesindən (1946-1948-ci illər) sonra edam edilən müharibə cinayətkarlarının siyahısı saxlanılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Kyodo agentliyi məlumat yayıb. Bildirilir ki, həmişəyaşıl sakaki ağacının yarpaqlarından düzəldilən və ağ lentlərlə bəzədilən “masakaki” adlanan ianə məbədə payız festivalının başlaması ilə əlaqədar göndərilib.

Bununla yanaşı, sabiq Baş nazir Şinzo Abenin şəxsən məbədi ziyarət etdiyi qeyd edilir. Gün ərzində F.Kişida hökumətinin bəzi üzvlərinin də məbədi ziyarət edəcəyi gözlənilir.

Xatırladaq ki, Yasukuni məbədini son dəfə 2013-cü ilin dekabrında həmin vaxt Baş nazir olan Şinzo Abe ziyarət edib. Yaponiya hökumətinin bu addımı bir sıra Asiya ölkələri tərəfindən kəskin tənqidlə qarşılanıb.

Qeyd edək ki, Yasukuni məbədində XIX əsrin ortalarından başlayaraq Yaponiya uğrunda döyüşlərdə həlak olan əsgərlərin siyahısı saxlanılır. Burada, həmçinin II Dünya müharibəsində Yaponiyanın məğlub edilməsindən sonra edam edilən hərbi cinayətkarların da adları var. Məhz buna görə də Yaponiya rəsmilərinin həmin məbədi ziyarət etməsi bu ölkənin işğalçı siyasətinə bəraət qazandırılması kimi qiymətləndirilərək Çin, Cənubi Koreya və digər Asiya ölkələri tərəfindən kəskin tənqid edilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.