DÜNYA


Yaponiyanın Baş naziri avqustun 10-da hökumətin tərkibində dəyişikliklər aparmağı planlaşdırır

Tokio, 6 avqust, AZƏRTAC

Yaponiyanın Baş naziri Fumio Kişida avqustun 10-da hökumətin və hakim Liberal Demokratik Partiyanın (LDP) rəhbər heyətinin tərkibində dəyişikliklər aparmağı planlaşdırır.

AZƏRTAC Yaponiya KİV-nə istinadla xəbər verir ki, bu barədə o, avqustun 5-də LDP-dəki rəhbərliyi xəbərdar edib.

Avqustun 8-də LDP-nin partiyanın lideri kimi F.Kişidaya kadrların seçkisi hüququnu verəcəyi gözlənilir.

Qeyd edilir ki, parlamentin yuxarı palatasına keçirilən seçkilərdən sonra F.Kişida kabinetin tərkibində və hakim partiyada kadr dəyişikliklərini əvvəlcə sentyabrda aparmağı planlaşdırırdı. Lakin həm beynəlxalq aləmdə yaranan gərginlik, həm də ölkə daxilində baş verən proseslər fonunda Baş nazir bu addımı daha tez atmaq qərarına gəlib. Bildirilir ki, Rusiyanın Ukraynaya hücumu və ABŞ ilə Çin arasında yaranan son gərginlik, həmçinin ölkə daxilində koronavirus pandemiyasının yayılması və qiymət artımı hökuməti daha çevik qərarlar qəbul etməyə təhrik edir.

Kadr dəyişiklikləri zamanı hazırda LDP-də sədr müavini vəzifəsini tutan Taro Asonun və baş katib Moteqi Toşimutsunun öz mövqelərində qalacağı proqnozlaşdırılır. Bu iki şəxsin F.Kişida administrasiyası ilə sıx əlaqədə olduğu bildirilir.

Həmçinin LDP-nin ən böyük fraksiyalarından birinə, mərhum Ş.Abenin rəhbərlik etdiyi qrupa münasibətdə F.Kişidanın yanaşması da mütəxəssislər tərəfindən diqqətlə izlənilir.

Bununla yanaşı, sabiq Baş nazir Ş.Abenin qətli ilə əlaqədar keçmiş “Birlik kilsəsi” ilə əlaqədə şübhəli bilinən siyasətçilərin yeni təyinatlarda yer alacağı məsələsi də diqqət mərkəzindədir.

 
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.