DÜNYA
Yaponiyanın Baş naziri yerli hakimiyyət orqanlarını ordunun komplektləşməsi zamanı sabotajda günahlandırıb
Tokio, 13 fevral, AZƏRTAC
Yaponiyanın Baş naziri yerli hakimiyyət orqanlarını ordunun komplektləşməsi zamanı sabotajda günahlandırıb. Şinzo Abe bildirib ki, Yaponiyanın yerli hakimiyyət orqanlarının 60 faizindən çoxu ölkənin silahlı qüvvələri üçün könüllülərin toplanmasına yardım etmir.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, Baş nazir bu barədə parlamentin aşağı palatasında büdcə komissiyasının iclası zamanı bildirib.
Ş.Abenin sözlərini sitat gətirən agentlik yazır: “Təbii fəlakətlər zamanı yerli hakimiyyət orqanları kömək üçün özünümüdafiə qüvvələrinə müraciət edirlər və onlar bu yardımı fədakarcasına təqdim edirlər. Lakin yerli hakimiyyət orqanlarının 60 faizindən çoxunun özünümüdafiə qüvvələri üçün yeni kadrların cəlb edilməsində iştirak etməməsi çox böyük təəssüf hissi doğurur”.
Yaponiya özünümüdafiə qüvvələri müqavilə əsasında formalaşır və burada ciddi çatışmazlıqlar müşahidə edilir. Bu, xidmətin xüsusən populyar olmadığı quru qoşunlarında özünü daha çox göstərir.
Özünümüdafiə qüvvələri ordunun formalaşması üçün fəal təbliğat işi aparır və potensial könüllülərin daha çox yaşadığı ərazilərə təbliğat materialları göndərirlər. Lakin yerli hakimiyyət orqanlarının əksəriyyəti bu zaman mövcud ünvanları təqdim etməkdən yayınırlar.
Belə sabotaj xüsusən solçu qüvvələrin yerli hakimiyyət orqanlarında üstünlüyə malik olduğu rayonlarda özünü göstərir. Bir çox bələdiyyələr isə hərbçilərə yardım etmək üçün əlavə əməkdaşlarının olmadığını əsas gətirirlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio