DÜNYA
Yaponiyanın “Bitpoint Japan” kriptovalyuta birjasının hesabından 32 milyon dollar oğurlanıb
Tokio, 12 iyul, AZƏRTAC
Yaponiyanın “Bitpoint Japan” onlayn kriptovalyuta birjasının hesabından 3,5 milyard yen (təqribən 32 milyon dollar) oğurlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin iyulun 12-də yaydığı bəyanatda deyilir. Bildirilir ki, iyulun 11-dən 12-nə keçən gecə şirkətin virtual valyuta ticarəti sistemində vəsaitlərin köçürülməsi zamanı səhvə yol verilib. Aparılan araşdırma nəticəsində məlum olub ki, kriptovalyutaların fırıldaqçılar tərəfindən qeyri-qanuni çıxarılması baş verib. Oğurlanan aktivlərin ümumi məbləği 3,5 milyard yen təşkil edib ki, bunun da 2,5 milyard yeni müştərilərə məxsusdur.
Şirkətin nümayəndələri yaranan vəziyyətə görə müştərilərdən üzr istəyib və məsələnin tezliklə aydınlaşdırılacağını bildiriblər. Hazırda birjada bütün əməliyyatlar dayandırılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio