SİYASƏT


Yaponiyanın “FAB news” “YouTube” kanalının tamaşaçıları Ermənistan- Azərbaycan münaqişəsi barədə məlumatlandırılıblar

Tokio, 15 oktyabr, AZƏRTAC

Yaponiyanın “FAB news” “YouTube” kanalının tamaşaçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumatlandırılıblar.

AZƏRTAC xəbər verir ki, kanalın aparıcısı Fabiola Tsuqami-Şibanın suallarını cavablandıran Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə ölkəmizin tarixi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və nəticələri barədə ətraflı məlumat verib. Qeyd edib ki, tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağa və digər ərazilərə ermənilər XIX əsrin əvvəllərində Rusiya imperiyası tərəfindən köçürülüblər. Ermənilərin tarixi Azərbaycan torpaqlarında yerləşdirilməsi Rusiya İmperiyasının siyasətinə çevrilib və nəticədə bu ərazilərdə onlar sayca yerli azərbaycanlıları üstələyiblər.

Səfir bildirib ki, ötən əsrin 90-cı illərində keçmiş SSRİ-nin dağılması nəticəsində yaranan qarışıqlıqdan istifadə edən ermənilər etnik təmizləmə həyata keçirərək azərbaycanlıları ya öldürüblər ya da həmin ərazilərdən çıxmağa məcbur ediblər. Müharibə nəticəsində ermənilər xarici havadarlarının köməyi ilə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini, o cümlədən Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonu işğal ediblər. Ermənistandan olan qaçqınlar, həmçinin Dağlıq Qarabağ və ətraf yeddi rayondan olan məcburi köçkünlərin sayı 1 milyondan çoxdur.

Münaqişə ilə bağlı son qarşıdurma barədə məlumat verən səfir qeyd edib ki, sentyabrın 27-də Ermənistan ordusunun növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücuma keçib. Ermənistan bundan öncə də dəfələrlə Azərbaycana qarşı təxribatlar törədib, onların əsas hədəfi Azərbaycan əhalisidir. Bunun nəticəsində mülki əhali arasında çoxsaylı həlak olan və yaralananlar var.

Münaqişənin bu dəfə gərginləşməsinin əsas səbəbkarının Ermənistanın siyasi-hərbi rəhbərliyinin olduğuna diqqət yönəldən səfir, baş nazir Paşinyanın əsassız, ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə aparılan danışıqların ruhuna uyğun olmayan bəyanatlarını xatırladıb. Qeyd edib ki, Azərbaycan tərəfini qıcıqlandıran bu bəyanatlar və hərəkətlər danışılar prosesini məhv edib.

Səfir vurğulayıb ki, Ermənistanın cinayətkar rəhbərliyi cəbhədə vəziyyəti gərginləşdirmək və təxribatlar törətmək ilə əhalisinin diqqətini daxili problemlərdən, COVID-19 ilə bağlı yaranmış acınacaqlı vəziyyətdən yayındırmaq niyyəti güdür.

Hazırda döyüşlərin məhz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və Ermənistan tərəfindən işğal olunmuş ərazilərində getdiyini vurğulayan diplomat, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsini də xatırladıb. Təəssüflə bildirib ki, Ermənistan bu qətnamələri icra etmir.

Aparıcının digər dövlətlərin münaqişədə iştirakı barədə sualını cavablandıran G.İsmayılzadə, Azərbaycanın həmin dövlətləri qarşıdurmanın ədalətli və beynəlxalq hüquq normaları çərçivəsində həlli üçün səylərini əsirgəməməsini arzuladığını bildirib.

Qeyd edib ki, bu münaqişə regional təhlükəsizlik və inkişaf üçün böyük təhdiddir. Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir, bölgə iqtisadiyyatının təqribən 65 faizi məhz Azərbaycanda cəmləşib. Azərbaycan enerji sektorunda, nəqliyyat və digər sahələrdə həyata keçirilən bütün regional layihələrdə lider ölkədir. Məhz Ermənistan rəhbərliyinin qeyri-konstruktiv siyasəti nəticəsində bu ölkə böyük layihələrdən kənarda qalıb.

Səfir vurğulayıb ki, erməni təcavüzü regional sabitlik və təhlükəsizlik üçün əsas təhdiddir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.