SİYASƏT
Yaponiyanın “Fuji Optical” şirkəti Azərbaycandakı qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə bu il nəzərdə tutulmuş optometrik xidmətini başa çatdırmışdır
Bakı, 29 aprel (AZƏRTAC). Aprelin 29-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Yaponiyanın “Fuji Optical” şirkətinin rəhbəri, 2006-cı ildə “Nansen qaçqın mükafatı”na layiq görülmüş dünya şöhrətli optometrist Akio Kanai ilə görüşmüşdür.
Baş nazirin müavini Əli Həsənov Azərbaycandakı qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə göstərilən təmənnasız optometrik xidmətə görə doktor Akoi Kanaiyə və onun rəhbərlik etdiyi heyətə təşəkkürünü bildirərək qeyd etmişdir ki, bu xeyirxah missiyanın artıq 10 ildir həyata keçirilməsi bir daha Azərbaycan və Yaponiya hökumətləri arasındakı əlaqələrin yüksək səviyyədə olduğunun, Yaponiya təşkilatlarının ölkəmizdəki fəaliyyəti üçün hərtərəfli şərait yaradıldığının bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafından, Azərbaycanın bu gün dünyanın diqqət mərkəzində olmasından, Yaponiya-Azərbaycan əlaqələrindən danışan Əli Həsənov Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzündən bəhs etmiş, Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmamasından təəssüfləndiyini bildirmişdir.
Görüşdə vurğulanmışdır ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı, həmçinin Azərbaycan Respublikası hökumətinin dəstəyi ilə Yaponiyanın “Fuji Optical” şirkətinin nümayəndələri 2005-ci ildən etibarən hər il şirkətin rəhbəri Akio Kanainin başçılığı ilə Azərbaycana səfər edir və məcburi köçkünlərə, aztəminatlı əhaliyə optometrik xidmət göstərirlər. BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin təşkilati dəstəyi ilə həyata keçirilən bu humanitar missiyanın məqsədi Azərbaycandakı qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə optometrik xidmət göstərilməsindən ibarətdir.
Qeyd olunmuşdur ki, 2005-ci ildən indiyədək şirkət Azərbaycandakı fəaliyyətinə 1,8 milyon ABŞ dollarından artıq vəsait xərcləmişdir. Şirkət tərəfindən indiyədək 39 minə yaxın yüksək keyfiyyətli optik eynək və digər vasitələr ölkəyə gətirilərək bu təbəqədən olan soydaşlarımıza paylanmışdır. Bildirilmişdir ki, ümumilikdə ötən 10 il ərzində şirkətin təkcə BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin və Azərbaycan hökumətinin dəstəyi ilə həyata keçirdiyi bu xeyirxah missiyalar zamanı 19 mindən artıq qaçqın və məcburi köçkün, aztəminatlı şəxs müayinə olmuş və təqribən 18 min nəfər təmənnasız olaraq eynəklə təmin edilmişdir.
Bu il də doktor Kanai və 6 optometrist mütəxəssisdən ibarət heyət tərəfindən aprelin 22-26-da İmişli, Beyləqan, Xocavənd və Füzuli rayonlarında, aprelin 28-də Bakı şəhərində, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Qaçqın, Qadın və Gənclər Mərkəzində məcburi köçkünlər, qaçqınlar və digər aztəminatlı insanlar üçün ödənişsiz göz müayinəsi və eynək paylanışı həyata keçirilmişdir. Builki missiya zamanı “Fuji Optical” şirkətinin mütəxəssisləri tərəfindən ümumilikdə 2400 nəfər müayinə olunmuş, 2 mindən artıq hazır eynək paylanmışdır. Yardım proqramı əvvəlki illərdə olduğu kimi, bu il də BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi və yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilmişdir.
Görüşdə Akio Kanai Azərbaycanda son illər aparılan abadlıq-quruculuq işlərindən, qaçqın və məcburi köçkünlər üçün yaradılan hərtərəfli şəraitdən məmnun olduğunu qeyd etmiş, həmçinin missiyanın növbəti səfərinin uğurla həyata keçirilməsinə lazımi kömək göstərdiyinə görə Azərbaycan hökumətinə, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasına, yerli icra strukturlarına minnətdarlığını bildirmişdir.