SİYASƏT


Yaponiyanın Haçiyoci şəhəri azərbaycanlı paralimpiyaçıları qəbul etməyə hazırdır

Tokio, 24 oktyabr, AZƏRTAC

Yaponiyanın Haçiyoci şəhəri 2020-ci ildə Tokioda keçiriləcək Yay Paralimpiya Oyunları zamanı “Ev sahibi şəhər” (Host town) proqramı çərçivəsində azərbaycanlı paralimpiyaçıları qəbul etməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə razılıq Tokioda fəaliyyət göstərən Azərbaycan- Yaponiya Dostluq Mərkəzinin rəhbərliyinin Haçiyoci şəhər Olimpiya və Paralimpiya Oyunlarının Təqdimatı Ofisinin rəhbərliyi ilə görüşü zamanı əldə edilib.

Azərbaycan hökumətinin ölkədə bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirdiyini vurğulayan mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər son illər respublikamızda 30-dan çox Olimpiya İdman Kompleksinin inşa edildiyini, köhnə idman obyektlərinin əsaslı təmir olunduğunu qeyd edib. Bildirib ki, həmin idman mərkəzlərində yetişən atletlər Azərbaycan bayrağını müxtəlif beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında, Avropa və dünya çempionatlarında dalğalandırırlar. İdmana qayğının əsas nümunələrindən bir kimi ilk Avropa Oyunlarının məhz Azərbaycanda təşkil olunduğu xüsusi qeyd edilib. Bildirilib ki, idmanın müxtəlif növləri üzrə medallar qazanan bu idmançıları Yaponiyada da yaxşı tanıyırlar. Onlar gündoğar ölkədə təşkil edilən yarışlarda uğurla çıxış edirlər. Cari ildə Yaponiyada təşkil edilən cüdo, karate və taekvondo üzrə yarışlarda azərbaycanlı idmançıların uğurlu iştirakının yaponlar tərəfindən də alqışlarla qarşılandığı bir daha xatırladılıb. Bütün bunları nəzərə alaraq, Haçiyoci şəhərinin azərbaycanlı idmançılar üçün “Host town” proqramına salınmasının məqsədəuyğun olduğu qeyd edilib.

Haçiyoci şəhər Olimpiya və Paralimpiya Oyunlarının Təqdimatı Ofisinin baş direktoru Hideyuki Matsuoka azərbaycanlı idmançıların beynəlxalq yarışlarda çıxışlarının Yaponiyada diqqətlə izlənildiyini qeyd edib. Bildirib ki, son Olimpiya Oyunlarının final mərhələsində yapon idmançıların məhz azərbaycanlı idmançılarla qarşılaşdıqlarını Yaponiyada yaxşı xatırlayırlar. Qeyd edib ki, belə idmançıların Haçiyoci şəhərində qəbulu, onların yerli ictimaiyyətə təqdimatı sakinlər tərəfindən böyük maraqla qarşılanar. Buna görə də Haçiyoci şəhəri Azərbaycandan gələcək paralimpiyaçıları qəbul etməyə böyük məmnunluqla razıdır.

Azərbaycanlı idmançıların səfərinin təşkili ilə bağlı əməkdaşlıq üçün tərəflər arasında müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub.

Görüşdə Haçiyoci şəhər Olimpiya və Paralimpiya Oyunlarının Təqdimatı Ofisinin direktor müavini Takafumi Sakaquçi və Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin icraçı direktoru Vüqar Ağayev də iştirak ediblər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.