MƏDƏNİYYƏT


Yaponiyanın Haçiyoci şəhərində açılan fotosərgidə həmyerlimizin də fotoları nümayiş olunur

Tokio, 24 sentyabr, AZƏRTAC 

Yaponiyanın Haçiyoci şəhərində təşkil edilən “FotoLenz” fotosərgisində 40 ilə yaxındır ki, bu şəhərdə yaşayan həmyerlimiz, elektronika sahəsində tanınmış alim, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərin də fotoları nümayiş olunur.

Sərgidə əsasən Haçiyoci şəhərində yaşayan professor Hideki Haçisuqa və Seici Uşionun birlikdə təşkil etdiyi fotoqrafiya dərnəyinin üzvü olan həvəskar fotoqrafların müxtəlif mövzularda fotoları şəhər ictimaiyyətinə üç gün ərzində, sentyabrın 23-dən 25-dək “Tokyu Skuar” qülləsindəki sərgi salonunda təqdim edilir.

Sərginin təşkilatçısı, dərnəyin fəal üzvü Hayakava Haruo AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə bildirib ki, Haçiyocidə fəaliyyət göstərən fotoqrafiya dərnəyi 1999-cu ildə təşkil edilib. “FotoLenz” sərgisi isə bu il 13-cü dəfə keçirilir. Dərnəyin üzvləri müxtəlif mövzularda çəkdikləri fotoları həmin sərgilərdə məmnuniyyətlə fotosevərlərə təqdim edirlər: “Əslən Azərbaycandan olan Xəlil Kələntərin fotoları da həmişə tamaşaçılar və sərginin iştirakçıları tərəfindən böyük maraqla qarşılanır. Onun müxtəlif mövzularda çəkdiyi fotolar müasir fotoqrafiyanın tələbləri baxımından yüksək qiymətləndirilir. Onu da əlavə edim ki, son illər Azərbaycan adı Yaponiyada çox məşhurlaşıb. Sərgiyə baxmağa gələnlərin sırasında Azərbaycana səfər edənlər də az deyil. Onlar Xəlil bəyin Azərbaycandan olduğunu biləndə böyük məmnuniyyətlə ona yaxınlaşaraq ölkəmiz haqqında təəssüratlarını bölüşürlər. Xəlil Kələntəri təbrik edir, ona uğurlar arzulayırıq”.

Budəfəki sərgiyə təqdim etdiyi fotolar barədə məlumat verən Xəlil Kələntər qeyd edib ki, sərgidə 3 foto ilə təmsil olunur. Hər üç foto Takao dağında yerləşən məbəddə dini ayinin icrası zamanı lentə alınıb. Çəkiliş zamanı yağışlı hava, monaxların əllərində tutduğu milli çətirlər, onların rəngarəng geyimləri xüsusi bir aura yaradıb. Çalışmışam ki, bu fotolarda həmin auranı tamaşaçılara çatdırım.

Cari ildə Azərbaycana səfər etmək niyyətində olduğunu bildirən X.Kələntər gələn il təşkil olunacaq sərgidə doğma vətəndən çəkdiyi fotolarla iştirak etmək niyyətində olduğunu da bildirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.