DÜNYA


Yaponiyanın “Hayabusa-2” kosmik zondu ikinci dəfə Ryuqu asteroidinin səthinə enməyə başlayıb

Bakı, 10 iyul, AZƏRTAC

Yaponiyanın “Hayabusa-2” (“Şahin-2”) kosmik zondu ikinci dəfə Ryuqu asteroidinin səthinə enməyə başlayıb. AZƏRTAC xəbər verir ki, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) təxminən 22 saatdan sonra kosmik zondun asteroidin 500 metrliyinə çatacağını və onun avtomatik idarəetmə rejiminə keçəcəyini bildirib.

Məlumatda qeyd olunur ki, 20 kilometr yüksəklikdə enməyə başlayan “Hayabusa-2” bir sutkadan sonra ikinci dəfə asteroidin səthinə enəcək. İlk mərhələdə aparat Ryuqu asteroidinə 5 kilometr məsafə qalanadək saniyədə 40 kilometr sürətlə hərəkət edəcək. Kosmik zondun hərəkət trayektoriyasına nəzarət etmək üçün yapon mütəxəssislər aparatda quraşdırılmış kameradan istifadə edirlər. Lakin onun siqnalları Yerə 10 dəqiqədən sonra çatır. “Hayabusa-2” zondunun istiqaməti düzgün müəyyən etməsi üçün əvvəllər asteroidin səthinə atılmış cihazdan istifadə olunacaq. Ryuqunun səthinə enmə əməliyyatı isə bir neçə saniyə davam edəcək. Bu zaman zonddan metal mərmilər atılacaq və bunun nəticəsində havaya qalxan toz və süxur hissəcikləri götürüləcək. Onları bu məqsədlə aparatda quraşdırılmış xüsusi tozsoran vasitəsilə qaldıracaqlar. Bundan sonra kosmik zond asteroiddən 20 kilometrlik məsafəyə qayıdacaq.

Ryuqu asteroidi Yer kürəsi ilə Marsın arasında yerləşir. “Hayabusa-2” kosmik zondu isə 2014-cü ildə Yaponiyanın Taneqasima adasındakı kosmodromdan kosmosa buraxılıb. Bu aparat ilk dəfə 2019-cu ilin fevralında asteroidin səthinə enib. Həmin vaxt zond lazım olan süxur nümunələrini toplaya bilib. Onun noyabr və ya dekabrda asteroidin orbitini tərk edəcəyi və 2020-ci ildə Yerə dönəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.