DÜNYA
Yaponiyanın İkeda şəhərinin meri kabinetindəki saunaya görə istefa verib
Tokio, 30 aprel, AZƏRTAC
Yaponiyanın Oska prefekturasının İkeda şəhərinin meri Hiroki Tomita kabinetində düzəltdirdiyi saunaya görə ictimaiyyətin təzyiqi nəticəsində istefa verməli olub.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Japan Times” qəzeti məlumat yayıb. Bildirilir ki, 44 yaşlı məmur inzibati binada buxar otağının quraşdırılması barədə ötən il göstəriş verib. Onun burada idman zalı düzəltdirdiyi də qeyd edilir. Sabiq mer bu hərəkətlərini sağlamlığını qorumaq üçün etdiyini bildirib.
Lakin şəhər sakinləri onun bu addımına tənqidlə yanaşıblar. Aprelin 26-da keçirilən mətbuat konfransında mer hərəkətinə görə cəza çəkməyə hazır olduğunu və vəzifəsini tərk edəcəyini bildirib. Lakin qeyd edib ki, o, bunu şəhərdə COVID-19-a qarşı yaşlılara peyvəndin vurulması proqramı başa çatdıqdan sonra edəcək.
Bundan bir sutka sonra şəhər şurası bir ay ərzində mer istefa verməyəcəyi təqdirdə etimadsızlıq votumu tətbiq edəcəyini elan edib.
Bildirilir ki, Hiroki Tomita şəhərin meri vəzifəsini 2019-cu ilin aprelindən tutur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio