MƏDƏNİYYƏT
Yaponiyanın JIJI PRESS agentliyi Bakıda keçiriləcək “True Colors Festival” barədə məlumat yayıb
Tokio, 16 iyun, AZƏRTAC
Yaponiyanın nüfuzlu JIJI PRESS agentliyi Bakıda keçiriləcək "True Colors Festival" - Sosial Müxtəliflik üzrə İncəsənət Bayramı barədə məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, xəbərdə iyunun 24-25-də “The Nippon Foundation” təşkilatının və Azərbaycan Milli Abilimpiya Federasiyasının birgə təşkilatçılığı, Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçiriləcək “True Colors Festival” - Sosial Müxtəliflik üzrə İncəsənət Bayramı barədə ətraflı məlumat öz əksini tapıb. Qeyd edilib ki, Dənizkənarı Milli Parkda iki gün davam edəcək festival axşam saat 21:00-dan 23:00-dək təşkil olunacaq.
Vurğulanır ki, bu festival səhnə sənəti vasitəsilə əlillik, nəsil, dil, millilik və digər bu kimi maneələri aşan və zəngin fərdiyyətə malik insanlarla birlikdə hər kəsin zövq ala biləcəyi bir incəsənət bayramıdır. Bayram çərçivəsində dənizkənarı bulvar ərazisində Azərbaycan və Yaponiyadan əlilliyi olan istedadlı şəxslərin iştirakı ilə konsert, rəqs, teatr tamaşaları nümayiş etdiriləcək.
Məlumatda Yaponiyanın Azərbaycandakı səfiri Güniçi Vadanın müraciətinə də yer verilib. Qeyd edilib ki, Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar keçirilən festival “Yaponiya-Azərbaycan dostluğu İli” çərçivəsində təşkil ediləcək. Bakıda təşkil edilən ilk festivalın iştirakçılarını salamlamaqdan məmnun olacağını qeyd edən səfir, belə tədbirlərin iki dost xalq arasında əlaqələrin gələcək inkişafına müsbət təsir göstərəcəyini vurğulayır. Bildirir ki, Gündoğar ölkə olan Yaponiya ilə Odlar yurdu olan Azərbaycan dostluğun məşəlini birlikdə alovlandıracaq.
Xəbərdə festivalın iştirakçıları barədə də ətraflı məlumat da öz əksini tapıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio