DÜNYA
Yaponiyanın Kanto-Koşin rayonuna güclü qar yağacağı proqnozlaşdırılır
Tokio, 23 yanvar, AZƏRTAC
Meteoroloqlar yanvarın 23-dən 24-nə keçən gecə paytaxt Tokioya və ətraf regiona güclü qar yağacağını proqnozlaşdırırlar. Xüsusən Tokionun mərkəzinə güclü qar yağacağı gözlənilir.
AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, Hönşü adası boyunca hərəkət edən aşağı atmosfer təzyiqi Tokioda və ətraf rayonlarda güclü qar yağmasına səbəb olacaq. Xüsusən Naqano və Yamanaşi prefekturalarına, həmçinin Kanto regionuna güclü qar düşəcəyi proqnozlaşdırılır.
Bazar günü səhər saatlarınadək düzənlik sahələr də daxil olmaqla, Kanto regionunun geniş ərazilərinə təqribən 20 santimetr qalınlığında qar düşəcəyi gözlənilir.
Meteoroloji xidmətin nümayəndələri sakinləri nəqliyyatın hərəkətində yarana biləcək problemlərə görə diqqətli olmağa çağırırlar. Eyni zamanda, güclü qar nəticəsində elektrik enerjisinin verilişində fasilələr yarana biləcəyi barədə də xəbərdarlıq olunur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio