REGİONLAR


Yaponiyanın Komatsu şəhərinin nümayəndə heyəti Mingəçevirə səfər edib

Mingəçevir, 19 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Yaponiyanın Komatsu şəhərinin meri Şinji Vadanın rəhbərlik etdiyi nümayəndə heyəti Mingəçevirdə işgüzar səfərdə olub.

AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüblər. Görüşdə qonaqlara Mingəçevirin tarixi, istehsal müəssisələri, turizm, səhiyyə və təhsil sahəsində əldə edilən uğurlar barədə geniş məlumat verilib. İkitərəfli münasibətlər, bir sıra sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Komatsu şəhərinin meri Şinji Vada Mingəçevirə səfərin Azərbaycanın Dövlət Müstəqilliyi Günündə reallaşmasını xoş bir təsadüf adlandırıb, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov ölkəmizdə turizm sahəsi üçün ixtisaslı kadrlar hazırlayan yeganə orta ixtisas təhsili müəssisəsi olan kollecin ötən 11 il ərzində gördüyü işlər, əldə etdiyi uğurlar barədə məlumat verib. Qeyd edib ki, kollec davamlı olaraq Türkiyə, Böyük Britaniya, Qazaxıstan, Şotlandiya, Rusiya, Rumıniya, Fransa, Avstriya və Ukraynanın turizm üzrə ali və orta ixtisas məktəblərinin təcrübəsini öyrənir, kollecin müəllimləri beynəlxalq təhsil proqramlarının iştirakçısı olaraq böyük təcrübə əldə edirlər. “Biz istərdik ki, Yaponiyanın təhsil ocaqları ilə də sıx əməkdaşlıq edib, turizm sahəsindəki əlaqələrimizi genişləndirək”, - deyə Ə.Əyyubov bildirib.

Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev təhsil sahəsində Komatsu şəhərinin universitetləri ilə sıx əməkdaşlıq etmək niyyətində olduğunu vurğulayıb.

Sonra qonaqlar Heydər Əliyev Mərkəzinə, Tarix Muzeyinə, Su Elektrik Stansiyasına səfər ediblər.

Mer Şinji Vada vurğulayıb ki, Azərbaycanın çox gözəl təbiəti var: “Burada olmaqdan məmnunam. Bizim yerlərdə də belə gözəlliklər var. Komatsuya gəlsəniz, mütləq Ağdağa getməyiniz məsləhətdir. Bizim şəhər həm də avarçəkmənin kanoe növü ilə bağlı məşq və yarışların keçirildiyi məkandır. 2020-ci ildə kanoe üzrə dünya çempionatı Yaponiyada olacaq. Ümid edirəm ki, Mingəçevirdə məşq keçən Azərbaycan komandası dünya çempionatında yüksək nəticələr göstərəcək. Səfərimizin məqsədi gənclərimizin bir-biri ilə əlaqə qurub, təhsil sahəsində daha sıx əməkdaşlıq etməsinə şərait yaratmaqdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.