İQTİSADİYYAT


Yaponiyanın Maebaşi şəhərində Azərbaycan haqqında təqdimat keçirilib

Tokio, 11 sentyabr, AZƏRTAC

Yaponiyanın Qunma prefekturasının mərkəzi olan Maebaşi şəhərində Azərbaycan haqqında növbəti təqdimat keçirilib.

Bu barədə AZƏRTAC-ın Yaponiyadakı bürosuna məlumat verən həmyerlimiz, Qunma Universitetinin magistr tələbəsi Namiq Xəlil bildirib ki, cari ilin aprelində Yaponiyaya gələndən bu, onun təşkil etdiyi üçüncü təqdimatdır. O deyib ki, ölkəmiz haqqında təqdimatlarla çıxış etmək niyyəti barədə onun Maebaşi meriyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri xanım Miçi Yoşidaya müraciəti maraqla qarşılanıb. Bundan sonra o, M.Yoşidanın köməyi ilə Maebaşinin müxtəlif ictimai mərkəzlərində Azərbaycan haqqında təqdimatlarla çıxış edib. Həmin təqdimatlarda N.Xəlil Azərbaycanın coğrafi mövqeyi, tarixi, mədəniyyəti, müstəqilliyini bərpa etdikdən sonra qazandığı uğurlar, beynəlxalq enerji təhlükəsizliyində oynadığı rol barədə iştirakçılara ətraflı məlumat verib. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci ildə və Prezident İlham Əliyevin 2006-cı ildə Yaponiyaya səfərləri iki ölkə arasında əməkdaşlığın formalaşmasına və inkişafına böyük təsir göstərib.

Tədbirdə Azərbaycanın turizm imkanlarına da toxunulub, son illər ölkəmizdə turizm infrastrukturunun inkişafı istiqamətində atılan addımlardan danışılıb. Bildirilib ki, Azərbaycanın zəngin mədəniyyəti, müasir turizm infrastrukturu, əcnəbi turistlər üçün viza rejiminin sadələşdirilməsi ölkəmizə turistlərin axınına güclü təsir göstərib.

Təqdimatda Azərbaycanda biznes imkanları, əcnəbi iş adamları üçün yaradılan əlverişli mühit, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində atılan addımlardan da danışılıb.

Yaponiya ilə Azərbaycan arasında siyasi əlaqələrin də inkişaf etdiyini bildirən N.Xəlil Yaponiya xarici işlər naziri Taro Kononun cari ayın əvvəllərində Bakıya səfəri barədə də məlumat verib. Qeyd edib ki, iki ölkə arasında artan rəsmi səfərlər xalqlarımızın bir-birilərinə yaxınlaşmasına mühüm təsir göstərir.

Görüş iştirakçılarının ölkəmizlə bağlı sualları cavablandırılıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.