MƏDƏNİYYƏT


Yaponiyanın Sapporo şəhərində 64-cü Beynəlxalq qar fiqurları festivalı keçirilir

Sapporo, 6 fevral (AZƏRTAC). Fevralın 5-də Yaponiyanın Hokkaydo adasında yerləşən Sapporo şəhərində 64-cü qar fiqurları festivalı - “Yuki Maçuri” başlamışdır.

Hər ilin qış fəslində təxminən iki milyonadək insan bir həftə ərzində buzdan və qardan düzəldilmiş müxtəlif fiqurlara baxmaq üçün bu şəhərə axışır. Avrora qülləsindən başlayaraq şəhərin mərkəzi Susikino küçəsi və Odori parkı boyunca düzülmüş müxtəlif ölçülü fiqurlar Sapporonu qar kimi ağappaq nağıllar şəhərinə çevirir.

“Yuki Maçuri” qış fəslində Yaponiyada təşkil edilən ən maraqlı tədbirlərdən biridir və burada çoxsaylı yerli və əcnəbi turistlər iştirak edirlər.

Sapporo festivalının əsasını 1950-ci ildə şəhərin mərkəzində buzdan altı fiqur düzəltmiş məktəblilər qoymuşlar. Festivalda qardan düzəldilmiş fiqurlarla yanaşı, karnavalın və qar topu oyununun təşkili buraya 50 minədək insanın toplaşmasına səbəb olmuşdu.

Həmin vaxtdan etibarən festival Sapporonu məşhurlaşdıraraq şəhərin qış vizit kartına çevrilmiş, bütün Yaponiyada çox geniş şöhrət qazanmışdır.

1953-cü ildə festival çərçivəsində ilk dəfə 15 metr hündürlüyündə fiqur – Syoten quraşdırılmışdır. Artıq 1959-cu ildə, festivalın 10 illiyi zamanı fiqurların hazırlanmasında 2500-dən artıq həvəskar heykəltəraş iştirak etmiş, mətbuat festival haqqında ilk dəfə geniş məlumatlar yaymışdır.

1972-ci ildə Sapporonun Qış Olimpiya Oyunlarının mərkəzi seçilməsi isə festival haqqında artıq Yaponiyadan çox-çox uzaqlarda, bütün dünyada məlumatların yayılmasına səbəb olmuşdur.

Hər il fevralın ikinci həftəsi təşkil edilən Sapporo qar fiqurlar festivalı artıq məşhur beynəlxalq tədbirə çevrilmişdir və davam etdiyi bir həftə ərzində öz ətrafına milyonlarla insan toplayır. Burada nümayiş etdirilən qar fiqurları isə onlarla ölkədən gəlmiş həvəskar heykəltəraşlar düzəldirlər.

Burada buz və qardan quraşdırılmış müxtəlif mövzularda əsərlər – Benkamabofit mərmər məbədi, Çan-kay-şi milli xatirə salonu, Əfsanələr aləminə səyahət, Ağ qanadlı şahzadə, Kabuki sarayı və onlarla digər fiqurlar festival iştirakçılarına xoş əhval-ruhiyyə bəxş edir. Burada uşaqların sevimli cizgi filmlərinin, yapon animelərinin çoxsaylı qəhrəmanlarına da rast gələ bilərsiniz.

Festivalın ilk iki günü ərzində tamaşaçıların verdiyi səslərə görə tədbirin ən yaxşı fiqurları müəyyən edilir və onların müəlliflərinə xüsusi mükafatlar təqdim edilir.

Festival çərçivəsində müxtəlif karnavallar, sərgilər, qar topu oyunu da keçirilir. Buz meydançasının qapıları konkidə sürüşərək əylənmək istəyənlər üçün açıqdır. Eyni zamanda, iştirakçılar xüsusi olaraq təşkil olunmuş yapon milli yeməkləri ilə tanış ola bilər, xatirə hədiyyələri də ala bilərlər.

Sapporo Turist Assosiasiyasının meneceri Mae Şinci AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişdir ki, festivalın təşkili həm yerli, həm də çoxsaylı əcnəbi turistlər tərəfindən yüksək qiymətləndirilir. Festivala şəxsən yerində baxmaq üçün Sapporoya gələn turistlərin sayı ilbəil artır. Biz böyük məmnuniyyətlə azərbaycanlı turistləri də Sapporo qar fiqurları festivalına dəvət edirik və onları burda görməyə çox şad olarıq.

Bir həftə davam edəcək festival fevralın 11-də yekun tədbiri ilə başa çatacaqdır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Sapporo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.