SİYASƏT
Yaponiyanın Şika şəhəri Azərbaycan tərəfi ilə regionlararası əməkdaşlığa hazırdır
Tokio, 27 dekabr, AZƏRTAC
Yaponiyanın İşikava prefekturasının Şika şəhəri Azərbaycan tərəfi ilə əməkdaşlığa tam hazırdır.
AZƏRTAC xəbər verir ki, bu sözlər ölkəmizin Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbovun Şika şəhərinin meri Masaru Koizumi ilə görüşü zamanı səslənib.
Şika meriyasının təşəbbüsü ilə bu şəhərə səfər edən diplomatımız M.Koizumi ilə ikitərəfli, o cümlədən regionlararası əməkdaşlıq barədə ətraflı fikir mübadiləsi aparıb.
Görüş zamanı M.Koizuminin başçılıq etdiyi nümayəndə heyətinin 2018-ci ilin dekabrında Azərbaycana baş tutmuş səfəri xatırlanıb, Bakının Xətai rayonu ilə Şika şəhəri arasında Dostluq Mübadiləsi haqqında Sazişin imzalanması məsələsi və razılaşma üzrə təkliflər müzakirə edilib.
F.Talıbov təklif edib ki, saziş çərçivəsində ilkin olaraq Xətai rayonu ilə Şika şəhəri arasında məktəblilərin mübadiləsi həyata keçirilsin. Həmin səfərlər zamanı azərbaycanlı şagirdlər yapon ailələrində, yaponiyalı şagirdlər isə Xətai rayonunda yerləşən Azərbaycan ailələrində yaşasınlar.
Bu təklifi alqışladığını bildirən M.Koizumi öz növbəsində məktəblilərin mübadiləsi ilə yanaşı, gənc idmançıların, o cümlədən güləşçilərin qarşılıqlı mübadiləsinin təşkilini təklif edib.
Görüşdə Azərbaycanın güləş üzrə Milli Olimpiya komandasının “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarına hazırlıq, təlim-məşq toplantılarının keçirilməsi ilə əlaqədar “Host town” proqramı çərçivəsində Şika şəhərinin hazırlığı da müzakirə edilib. Qeyd edilib ki, 2019-cu ilin iyulunda Azərbaycanın güləş üzrə milli komandası artıq ilk təlim məşq toplantısını Şika şəhərində keçirib.
Danışıqlar zamanı, həmçinin Şika şəhərinin Azərbaycanın cüdo üzrə Paralimpiya komandasına ev sahibliyi etmək məsələsi də müzakirə edilib və qeyd olunub ki, bunun üçün həmin şəhərdə bütün şərait var.
Səfər çərçivəsində F.Talıbov idmançılarımız üçün təklif olunan otel, təlim-məşq obyektləri, nəqliyyat vasitələri və digər aidiyyəti məsələlər ilə yerində tanış olub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio