SİYASƏT
Yaponiyanın Şizuoka prefekturasında Azərbaycan haqqında təqdimat böyük maraqla qarşılanıb
Tokio, 20 mart, AZƏRTAC
Yaponiyanın Şizuoka prefekturasında Azərbaycan haqqında təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Şizuoka prefekturasının rəhbərliyinin, yerli ictimaiyyətin nümayəndələrinin qatıldıqları tədbirdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə çıxış edərək ölkəmizin iqtisadiyyatı, son illərdə əldə edilən nailiyyətlər, uğurlu enerji strategiyası, iqtisadiyyatın digər sahələri, o cümlədən sənaye, kənd təsərrüfatı, turizm potensialı haqqında ətraflı məlumat verib. Azərbaycanın Cənubi Qafqazda ən böyük dövlət olduğu və region iqtisadiyyatının 70 faizinin məhz ölkəmizdə cəmləşdiyi vurğulanıb.
2017-ci ilin uğurlu iqtisadi göstəricilərlə başa vurulduğunu qeyd edən G.İsmayılzadə, ölkəmizin makroiqtisadi durumu, daxili və xarici investisiyalar, ticarət dövriyyəsi haqqında ətraflı məlumat verib. Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətlilik indeksi üzrə 138 ölkə arasında 37-ci pilləyə, Dünya Bankının “Doing Business” hesabatında isə 190 ölkə arasında 57-ci pilləyə yüksəldiyini qeyd olunub.
İştirakçılara son dövrdə Azərbaycanın neft və qaz sahəsində əldə etdiyi uğurlar, Cənub Qaz Dəhlizi haqqında da ətraflı məlumat verilib. Azərbaycanda həyata keçirilən irimiqyaslı nəqliyyat layihələri barədə danışan səfir ötən il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını xatırladıb. Qeyd edib ki, Prezident İlham Əliyevin qətiyyətli siyasəti, Türkiyə və Gürcüstan dövlətləri ilə strateji tərəfdaşlıq bu layihənin reallaşmasına şərait yaradıb. Bu layihənin həyata keçirilməsi nəticəsində Azərbaycanın tranzit ölkə kimi imkanları xeyli genişlənib, əlavə valyuta qazanmaq imkanları artıb, iqtisadiyyatın daha da inkişafı üçün yeni imkanlar yaranıb. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon, növbəti mərhələdə 17 milyon ton, sonrakı mərhələdə isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bu xüsusda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında da məlumat verilib.
Azərbaycan iqtisadiyyatının daha bir vacib məqamı olan turizmin inkişafına toxunan diplomat bu sektorun ölkəmizdə inkişafı, Azərbaycana səfər edən turistlər üçün təkliflərdən danışıb.
Təqdimat zamanı son illər Azərbaycanda yaradılan texnoparklar, ölkəmizdəki əlverişli biznes mühiti, xarici iş adamları üçün güzəştlər, investisiya imkanları haqqında da iştirakçılara ətraflı məlumat verilib.
2017-ci ildə Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd olunduğunu xatırladan səfir xüsusən iqtisadi sahədə əlaqələrin sürətlə inkişaf etdiyini bildirib. Diqqətə çatdırılıb ki, Yaponiya Azərbaycan üçün Asiya regionunda çox vacib ölkədir. Azərbaycan Yaponiya ilə hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət verir. Azərbaycan-Yaponiya münasibətləri yüksək səviyyədədir. İki dost ölkə arasında əməkdaşlığın iqtisadi cəhətdən genişləndirilməsinin vacibliyi bildirilib və bu istiqamətdə yüksək potensialın mövcud olduğu vurğulanıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio