DÜNYA


Yaponiyanın “SoftBank” şirkətinin sabiq əməkdaşı Rusiyaya məxfi məlumatların ötürülməsində ittiham olunur

Tokio, 26 yanvar, AZƏRTAC

Yanvarın 25-də Yaponiyanın “SoftBank” şirkətinin sabiq əməkdaşı bu nəhəng telefon rabitəsi operatorunun məxfi məlumatlarını Rusiyanın Tokiodakı ticarət nümayəndəliyinə ötürməsi ittihamı ilə həbs olunub.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, 48 yaşlı Yutaka Araki ötən il fevralın 18-də Yaponiyada ədalətsiz rəqabətin qarşısının alınması barədə qanunu pozaraq “SoftBank” şirkətinin kompüter serverindən informasiyaların qeyri-qanuni götürülməsində ittiham edilir.

Tokio polisinin ictimai təhlükəsizlik bürosunun məlumatına görə, Rusiyanın ticarət nümayəndəliyindəki əməkdaşlar casusluq fəaliyyəti ilə məşğul olublar.

Polis Yaponiya Xarici İşlər Nazirliyi vasitəsilə Rusiya səfirliyinə müraciət edərək, ticarət nümayəndəliyində çalışmış və 2017-ci ildə Moskvaya qayıtmış iki əməkdaşın Yaponiya tərəfinə təhvil verilməsini xahiş edib.

Y.Arakinin ötən il dekabrın ortalarında işdən azad edildiyini açıqlayan “SoftBank” şirkəti onun ötürdüyü informasiyaların mobil telefonlar və digər rabitə vasitələri üçün baza stansiyalarla əlaqədar olduğunu bildirib.

Polisin qənaətinə görə, Tokiodakı ticarət nümayəndəliyində çalışan əməkdaş Y.Arakidən aldığı informasiyaları hazırda həmin təşkilatda işləyən və diplomat statusuna malik olan digər şəxsə ötürüb. Bildirilir ki, Y.Araki rusiyalı məmurlarla dəfələrlə əlaqə yaradaraq onlara korporativ sirləri verib.

Qeyd edək ki, Rusiyanın Yaponiyadakı səfirliyi özünün “Facebook” səhifəsində Tokionun, adətən Qərbdə dəbdə olan casus axtarışı mövzusuna aid anti-Rusiya fərziyyələrinə qoşulmasına ölkəsinin təəssüfləndiyini bildirən bəyanat yerləşdirib.

Bəyanatda qeyd edilir ki, həmin ittiham Moskva ilə Tokio arasında ikitərəfli əməkdaşlıqda müsbət atmosferin yaradılması istiqamətində razılaşdırılmış siyasətlə ziddiyyət təşkil edir.

Polisin yaydığı məlumata görə, Tokio yaxınlığındakı Urayasu şəhərində yaşayan Y.Araki “əlavə gəlir əldə etmək məqsədilə” informasiyaları oğurlayaraq Rusiya tərəfinə ötürdüyünü təsdiq edib.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.