Yaponiyanın “Toshiba” korporasiyası 22 milyard dollara satın alına bilər
AzerTAg.az
Bakı, 23 iyun, AZƏRTAC
“Toshiba” korporasiyasını satın almaqda maraqlı olanlar var. Onlar bu sövdələşmə üçün təxminən 22 milyard dollar təklif edirlər.
AZƏRTAC Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, potensial müştərilər arasında hələ 2021-ci ildə Yaponiyanın elektron avadanlıqları istehsalçısını satın almağa cəhd göstərən Böyük Britaniyanın “CVC Capital Partners” investisiya fondunu da var. O zaman fondla sövdələşməni həyata keçirməyə çalışan “Toshiba” korporasiyasının sabiq prezidenti Nobuaki Kurumatani şəxsi maraqlarını güdməkdə ittiham olunaraq istefa verməyə məcbur edilmişdi.
Son illər “Toshiba” dərin böhran keçirir. Korporasiya 2015-ci ildə maliyyə hesabatlarında saxtakarlığa görə üzləşdiyi böyük qalmaqal, həmçinin 2017-ci ildə Amerika bölməsinin iflası səbəbindən ciddi itkilərə məruz qalıb. Vəziyyət kompaniyanın rəhbərliyi və iri səhmdarlar arasında davam edən mübahisə səbəbindən daha da mürəkkəbləşib.

Xəbərin mətnində orfoqrafik səhv var