SİYASƏT
Yaponiyanın “ajmedia.jp” portalı IX Qlobal Bakı Forumu haqda məlumatlar dərc edib
Tokio, 17 iyun, AZƏRTAC
Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da öz işinə başlayan “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu barədə məlumatlar yayıb.
AZƏRTAC xəbər verir ki, yapon və ingilis dilində yayılan məlumatlarda Azərbaycan Prezidentinin Forumdakı çıxışına xüsusi yer verilib. Məlumatlarda Prezident İlham Əliyevin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, ATƏT-in Minsk qrupu, regional əməkdaşlıq və bu istiqamətdə görülən işlər, Ermənistan tərəfinin destruktiv mövqeyi barədə fikirləri öz əksini tapıb.
Prezident İlham Əliyevin sitatına istinadla qeyd olunub ki, enerji təminatı ilə əlaqədar Avropada vəziyyət kəskin şəkildə dəyişib və Azərbaycanın karbohidrogen ehtiyatlarına tələbat artıb.
Məlumatlarda, həmçinin Prezident İlham Əliyevin Azərbaycanın yaşıl enerji zonasına və bərpaolunan enerji sahəsində beynəlxalq enerji bazarında ciddi oyunçuya çevriləcəyi barədə fikri də yer alıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio