DÜNYA


Yaponiyanın beş prefekturasında donuz qızdırması yayılıb

Tokio, 6 fevral, AZƏRTAC

Yaponiyanın mərkəzi Hönşü adasında yerləşən beş prefekturada donuz qızdırması təhlükəli vəziyyət yaradıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi Yaponiya Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyinə istinadla məlumat yayıb. Bildirilir ki, fevralın 6-da keçirilən fövqəladə iclasda nazir Takamori Yoşikava vəziyyətin həddindən artıq gərgin olduğunu bildirib. Həmin gün axşam saatlarında Baş nazirin dəftərxanasında əlaqədar nazirliklərin, polis və silahlı qüvvələrin rəhbərlərinin iştirakı ilə fövqəladə toplantının keçiriləcəyi gözlənilir.

Artıq hərbi qulluqçuların Aiçi və Siqa prefekturalarında 7 mindən çox donuzu məhv etməyə başladığı bildirilir. Həmin heyvanların yerləşdiyi fermaların ətrafında polisin nəzarət etdiyi qadağa zonası yaradılıb.

Bu dəfə donuz qızdırması ötən ilin dekabrında Qifu prefekturasında başlayıb. Ötən ilin sonu və cari ilin əvvəllərində burada 9 min donuzun məhv edildiyi bildirilir. Buna baxmayaraq, xəstəliyin yayılmasının qarşısını almaq mümkün olmayıb.

1992-ci ildə Yaponiyanın cənub-qərbində yerləşən Kumamoto prefekturasında çox böyük donuz qızdırması epidemiyası qeydə alınmışdı. Həmin vaxt xəstəliyin qarşısı alınıb və 2007-ci ildə onun üzərində tam qələbə qazanıldığı elan edilmişdi. Yaponiya hökumətinin bildirdiyinə görə, həmin xəstəliyə əsasən donuzlar və qabanlar yoluxurlar və o, insanlar üçün heç bir təhlükə yaratmır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.