DÜNYA


Yaponiyanın cənub-qərbinə güclü yağışlar yağır

Tokio, 10 iyul, AZƏRTAC

İyulun 10-da Yaponiyanın cənub-qərb ərazilərinə güclü yağışlar yağır.

AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, Kaqoşima, Miyazaki və Kumamoto prefekturalarında fövqəladə vəziyyət elan olunsa da, sonradan bu xəbərdarlıqla əvəz olunub. Buna baxmayaraq, daşqınlar və torpaq sürüşmələri təhlükəsi qaldığına görə əhalidən ehtiyatlı olmaq xahiş edilir.

Kaqoşima sakinləri küçələrdə böyük su axını müşahidə edirlər. Leysan yağışların miqdarı adətən bu fəsildə Yaponiyada müşahidə edilən normadan çoxdur.

Yerli hakimiyyət orqanları bütün region üzrə xəbərdarlıq yayıb. Yerli sakinlərdən koronavirusa qarşı mübarizə tədbirlərinin davam etdiyi daha təhlükəsiz ərazilərə köçmək xahiş olunub.

Voleybol üzrə Argentina yığma komandasının Olimpiadaya hazırlıq çərçivəsində bazar günü məşqlərinin planlaşdırıldığı idman zalı təxliyə mərkəzinə çevrilib. Nəticədə komandanın təlim-məşq prosesi pozulub.

Leysan yağışların ictimai nəqliyyatın hərəkətinə təhlükə yaratdığı da bildirilir. Nəticədə Kumamoto-Kaqoşima-Tyuo stansiyaları arasında “Şinkansen” sürətli qatarlarının hərəkəti dayandırılıb. Bu, sürətli avtomobil yollarında tıxacların yaranmasına səbəb olub.

Meteoroloqlar Kyüşü regionunda güclü yağışlar yağacağını və şimşək çaxacağını proqnozlaşdırırlar.

Yerli hakimiyyət orqanları əhalini sayıq olmağa çağıraraq, güclü yağışlardan sonra daşqınlar və torpaq sürüşmələri barədə xəbərdarlıq elan edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.