DÜNYA
Yaponiyanın hakim partiyası Şinzo Abenin dördüncü müddətə sədr seçilməsini mümkün hesab edib
Tokio, 12 mart, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abenin dördüncü dəfə hakim Liberal Demokratik Partiyanın (LDP) sədri seçilməsi mümkündür və bu, ona növbəti müddətə hökumətə başçılıq etmək imkanı verə bilər.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə LDP-nin baş katibi Toşihiro Nikay bildirib.
T.Nikayın sözlərini sitat gətirən agentlik yazır: “Bu, tamamilə mümkündür”. Yaponiya hökumətinin başçısı özü də əvvəllər hakim partiyanın növbəti dəfə sədri seçilməsinin mümkünlüyünü təsdiq edərək, bunun LDP daxilində lazımi qaydada həll ediləcəyini qeyd edib.
Xatırladaq ki, hakim Liberal Demokratik Partiya parlamentdə mandatların əksəriyyətinə malikdir və bu, ona öz liderini asanlıqla hökumət başçısı seçmək imkanı yaradır.
Şinzo Abe fevralın 20-də müharibədən sonrakı Yaponiyada fasiləsiz olaraq ən çox Baş nazir kürsüsündə oturan liderlər sırasında ikinci yerə qalxıb. Noyabrda isə onun ölkə tarixində ilk dəfə ən uzun müddətə hökumət başçısı olacağı gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio