DÜNYA
Yaponiyanın hakim partiyası liderin səlahiyyət müddətini doqquz ilədək artırmağı planlaşdırır
Tokio, 25 oktyabr, AZƏRTAC
Yaponiyanın hakim Liberal Demokratik Partiyasının (LDP) Nizamnaməsi partiya sədrinin (o, eyni zamanda, hökumət başçısı vəzifəsini tutur) səlahiyyət müddətinin doqquz ilədək uzadılması məqsədilə dəyişdiriləcək. Bu dəyişiklik Baş nazir Şinzo Abeyə 2018-ci ildə istefa vermədən daxili seçkilərdə öz namizədliyini irəli sürmək və 2021-ci ilədək hakimiyyətdə qalmaq imkanı yaradacaq.
Bu barədə oktyabrın 25-də Kyodo agentliyi məlumat yayıb.
Bu barədə rəsmi qərar LDP-nin sədr müavini Masahiko Komuranın rəhbərlik etdiyi partiya-siyasi sistemin islahatları qərargahının növbəti iclasında elan ediləcək. M.Komura partiya liderinin səlahiyyət müddətinin uzadılmasının əsas tərəfdarlarından sayılır. Hazırda LDP sədri üç il müddətinə seçilir və o, iki dəfədən artıq, yəni, altı ildən çox seçilə bilməz. İslahat layihəsi yeni “üç müddət-doqquz il” sisteminin tətbiqini nəzərdə tutur.
Hazırkı Baş nazir Şinzo Abe bu vəzifəyə 2012-ci ildə seçilib və mövcud Nizamnaməyə görə, 2018-ci ilin sentyabrında istefa verməlidir. Lakin onun partiyadakı tərəfdarları iqtisadi islahatların və Tokioda 2020-ci ildə təşkil ediləcək Olimpiadanın həyata keçirilməsi üçün Ş.Abeyə daha uzun müddət verilməsini tələb edirlər. Bununla əlaqədar keçirilən debatlar zamanı partiya liderinin səlahiyyət müddətinin uzadılması təklifi müdafiə olunsa da, həmin variantın çox radikal olduğu bildirilib.
Nizamnamənin son variantı LDP-nin 2017-ci ilin martında keçiriləcək qurultayında təsdiq olunacaq. Partiyanın hazırkı lideri və Baş nazir Ş.Abenin çox güclü rəqibləri olmasa da, LDP-nin sədri vəzifəsinə xarici işlər naziri Fumio Kişidanın və sabiq müdafiə naziri Siqeru İşibanın namizədlikləri də göstərilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio