DÜNYA


Yaponiyanın hakim partiyasının lideri seçkilərində üç namizəd mübarizə aparacaq

Tokio, 8 sentyabr, AZƏRTAC

Baş nazir Şinzo Abenin istefası ilə əlaqədar sentyabrın 8-də hakim Liberal Demokratik Partiyanın (LDP) sədri vəzifəsini tutmaq üçün namizədlərin qeydiyyatı proseduru keçirilib.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar tədbir LDP-nin rəsmi “YouTube” kanalı ilə canlı yayımlanıb.

LDP-nin sədri vəzifəsini tutmaq üçün Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa, keçmiş Xarici İşlər naziri, hazırda partiyanın siyasi şurasının sədri Fumio Kişida və sabiq Müdafiə naziri Şiqeru İşiba namizədliklərini irəli sürüblər.

Qeydiyyatdan keçmək üçün onların hər birinin partiyadan olan 20 deputatın imzasını təqdim etdiyi bildirilir.

Beləliklə, seçkilər ərəfəsində namizədlərin seçki kampaniyasına start verilib. Koronavirus pandemiyası ilə əlaqədar namizədlərin görüşlərinin distant formada keçirilməsi qərara alınıb. Buna görə də onların auditoriya ilə görüşlərinin televiziya kanalları və müxtəlif nəşrlərə müsahibələrin verilməsi formasında təşkili məqsədəuyğun hesab edilib. Bununla yanaşı, namizədlərin birlikdə iştirak edəcəyi mətbuat konfransının təşkili də nəzərdə tutulur. Bu mətbuat konfransında onların, əsasən, koronavirus pandemiyasına qarşı mübarizə, ölkə iqtisadiyyatının pandemiyadan sonra bərpası və Ş.Abenin siyasi xəttinin davam etdirilməsi barədə məsələlərə aydınlıq gətirəcəyi gözlənilir.

LDP sədri seçkilərinin sentyabrın 14-də baş tutacağı, sentyabrın 16-da isə yeni Baş Nazirin təsdiq edilməsi üçün parlamentin fövqəladə sessiyasının keçiriləcəyi bildirilir.

Namizədlər arasında Y.Suqanın şansının daha çox olduğu qeyd edilir. Belə ki, partiya daxilində olan fraksiyaların əksəriyyəti, o cümlədən Baş Nazirin müavini, Maliyyə naziri Taro Asonun və LDP-nin baş katibi Toşihiro Nikainin rəhbərlik etdiyi ən böyük fraksiyalar onun namizədliyini dəstəkləyirlər.

Xatırladaq ki, LDP sədri Şinzo Abe avqustun 28-də səhhətində yaranmış problemlərlə əlaqədar Baş Nazir vəzifəsindən istefa verdiyini bəyan edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.