DÜNYA
Yaponiyanın müdafiə naziri Böyük Britaniya donanmasının regiona səfərini alqışlayıb
Tokio, 27 aprel, AZƏRTAC
Yaponiyanın müdafiə naziri Böyük Britaniya donanmasının “HMS Queen Elizabeth” yeni flaqman gəmisinin başçılığı ilə Hind-Sakit okean regionuna göndərilməsi barədə planı alqışladığını bildirib.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, aviadaşıyıcı gəmilərin zərbə qrupunun yeddi ay müddətinə nəzərdə tutulan səfəri çərçivəsində Yaponiya, Hindistan, Cənubi Koreya və digər ölkələrin limanlarına daxil olacağı gözlənilir.
Yaponiyanın müdafiə naziri Nobuo Kişi aprelin 27-də jurnalistlərə bildirib ki, bu plan Yaponiya ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlığın inkişafına müsbət təsir edəcək.
Nazir əminliklə qeyd edib ki, Böyük Britaniya bununla azad və açıq Hind-Sakit okeanı regionunu dəstəklədiyini, burada sülhün və sabitliyin qorunmasına çalışdığını göstərəcək.
İki ölkənin əməkdaşlığı möhkəmləndirəcəyini qeyd edən N.Kişi Böyük Britaniya donanmasının Yaponiya limanlarına daxil olduğu vaxt birgə təlimlərin keçiriləcəyini də vurğulayıb.
Nazir, eyni zamanda, Niderlandın Kral donanmasının freqatının da aviadaşıyıcı zərbə qrupuna qoşulacağını bildirib. Bu addımı da alqışladığını qeyd edən N.Kişi bunun Yaponiya ilə Niderland arasında əlaqələrə müsbət təsir göstərəcəyini vurğulayıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio