MƏDƏNİYYƏT
Yaponiyanın ölkəmizdəki səfiri Azərbaycan Turizm İnstitutunda olmuşdur
Bakı, 11 iyun (AZƏRTAC). İyunun 10-da Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabe və səfirliyin ikinci katibi Qinqa Kobayaşi Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşlar.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, görüşdə institutun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov rəhbərlik etdiyi ali təhsil ocağının beşillik fəaliyyəti, beynəlxalq əlaqələri, dünyanın aparıcı universitetləri ilə tələbə-müəllim mübadiləsi sahəsində əməkdaşlığın uğurlu nəticələri barədə məlumat vermişdir.
Şusuke Vatanabe Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin yaranma tarixindən danışmış, müstəqillik dövründə Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulamışdır.
Diplomat, eyni zamanda, Yaponiyanın güzəştli kredit (yeni kreditlər), ümumi qrantlar, texniki əməkdaşlıq, “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı kimi proqramlarının əhəmiyyətindən danışmışdır. O, Yaponiya mədəniyyətinin Azərbaycanda təbliği, yapon dilinin tədrisi və tələbə mübadiləsinin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə zəmin yaradacağını qeyd etmişdir.