REGİONLAR


Yaponiyanın ölkəmizdəki səfiri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

Quba, 8 iyun, Elxan Yusifli, AZƏRTAC

Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada Qubaya səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfirlə Quba Rayon İcra Hakimiyyətində keçirilən görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Rayon icra hakimiyyəti başçısı Ziyəddin Əliyevin qonaqlara Qubanın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib.

Səfir Cuniçi Vada Yaponiya-Azərbaycan münasibətlərinin intensiv inkişaf etdiyini bildirərək, ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin qurulduğunu diqqətə çatdırıb.

Görüşdən sonra səfir Xınalıq kəndinə gəlib, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən yaşayış məntəqəsinin turizm imkanları ilə tanış olub.

Cuniçi Vada Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıb. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb.

Qonağın diqqətinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı nəticəsində yarandığı müəyyən edilib.

Daha sonra səfir “Qədim Quba” xalçaçılıq müəssisəsi, dağ yəhudilərinin kompakt şəkildə yaşadığı Qırmızı qəsəbə ilə yaxından tanış olub, Birinci Nügədi kəndində Yaponiyadan gətirilən alma sortları becərən sahibkar Ramiz Kərimovla görüşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.