Yaponiyanın şimal-şərqində 5,1 bal gücündə zəlzələ olub
AzerTAg.az

Tokio, 25 mart, AZƏRTAC
Martın 25-də Yaponiyanın şimal-şərqində 5,1 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Yeraltı təkanların episentrinin Fukusima prefekturasının sahillərində, ocağının okean dibindən 50 kilometr dərinlikdə yerləşdiyi bildirilir. Yeraltı təkanlar qonşuluqda yerləşən Miyaqi, İvate və Aomori prefekturalarında hiss olunub.
Dağıntılar və zərərçəkənlər, həmçinin qəzalı vəziyyətdə olan “Fukusima-1” AES-də ştatdankənar vəziyyət barədə məlumat verilmir.
Xatırladaq ki, martın 16-dan 17-nə keçən gecə həmin rayonda 7,4 bal gücündə zəlzələ baş verib. Nəticədə 3 nəfərin həyatını itirdiyi və 220-dən çoxunun xəsarət aldığı bildirilir. Təbii fəlakət geniş ərazidə elektrik enerjisinin verilişində və dəmir yolu nəqliyyatının hərəkətində fasilələrə səbəb olub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
Xəbərin mətnində orfoqrafik səhv var