DÜNYA


Yaponiyanın şimal-şərqində baş verən güclü zəlzələ fəsadlara səbəb olub

Tokio, 14 fevral, AZƏRTAC

Fevralın 13-də Yaponiyanın şimal-şərq sahillərində baş verən zəlzələ fəsadlar törədib.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, son məlumatlara görə, təbii fəlakət nəticəsində 120-dən çox insan xəsarət alıb.

Yaponiya Meteorologiya Agentliyi ilkin olaraq zəlzələnin maqnitudasının 7,1 bal olduğunu bildirsə də, sonradan onun 7,3 bal olduğu elan edilib. Həmçinin sunami xəbərdarlığı barədə verilən elan da sonradan ləğv olunub.

Güclü yeraltı təkanlar paytaxt regionu, Fukusima və Miyaqi prefekturaları ilə yanaşı, Yaponiyanın 10 prefekturasında hiss edilib. Hazırda yeraltı təkanların dayandığı bildirilsə də, meteoroloqlar mümkün afterşoklar barədə xəbərdarlıq ediblər.

Yaponiyanın Baş nazir Yoşihide Suqanın rəhbərliyi ilə yaradılan böhran qərargahının xüsusi iclası keçirilib. İclasda zəlzələnin böyük dağıntılara səbəb olmadığı bildirilsə də, yerli hakimiyyət orqanları sayıqlığı əldən verməməyə, əhali yaşayış məskənlərini tərk etməməyə və gözlənilən afterşoklara qarşı diqqətli olmağa çağırılıb.

“Tokyo Electric Power Co.” şirkəti “Fukusima-1” AES-də ştatdankənar vəziyyətin qeydə alınmadığını bildirsə də, ərazidəki bir neçə istilik elektrik stansiyasının fəaliyyəti dayandırılıb. Bununla yanaşı, “Fukusima-1” AES-in beşinci və altıncı, “Fukusima-2” AES-in isə birinci reaktorunun nüvə yanacağını soyutmaq üçün istifadə edilən suyun saxlandığı çənlərdən ətrafa reaktiv su sıçraması qeydə alınıb. Həmçinin sürətli “Şinkansen” qatarlarının ərazidən keçən bir neçə xətdə hərəkəti dayandırılıb.

Yaponiyanın şimal-şərqində yerləşən Fukusima prefekturasındakı yüksək sürətli avtomagistralda torpaq sürüşməsi baş verib. Zyoban adlı avtomagistralda baş verən torpaq sürüşməsi nəticəsində yol tamamilə bağlanıb.

Miyaqi prefekturası polisinin yaydığı məlumata görə, yeraltı təkanlar trasın digər hissəsində 10 metr məsafədə yol örtüyünü sıradan çıxarıb.

“East Nippon Expressway” şirkəti isə Tohoku prefekturasında bir çox avtomobil şoselərinin bağlandığını bildirib.

Yaponiya Meteorologiya Agentliyi zəlzələni 2011-ci il martın 11-də baş vermiş yeraltı təkanların afterşoku kimi xarakterizə edib.

Azərbaycanın Yaponiyadakı səfirliyindən bildirilib ki, səfirliyə bu ölkədəki soydaşlarımız arasında xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.